Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 104 il ötür

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə
yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də
yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel
aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi
yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız
milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Yüz dörd il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda,
Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda,
Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz
vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən
qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib,
kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar.
Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272,
Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan
ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə
azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində
indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında
yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri
vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub.
Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və
digər abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə
1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə
İstintaq Komissiyası yaradıldı. Komissiya ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin
törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu
həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi
qurum təsis edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da
azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir
əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi
qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu
sahədə başlanmış işi yarımçıq qoydu.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni
vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar
məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar
genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını
təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda
1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə,
bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40
min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində
1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar
yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771
qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin
ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları
hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı
qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277
nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində
ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı
öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən
həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni
təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini
dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün
olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin
sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən
etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar.
Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan
xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları –
S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan
qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min,
onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı
qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox
olub.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı
ərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqla
qətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak dəstələrinin
Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə
dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci
ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir.
Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada
türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar
törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə
Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə
yetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir
dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli
soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində
613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla
öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər
girov götürülüb.

Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün
Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə
məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda
siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci
il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların
Soyqırımı Günü elan edilib.

Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il
18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən
azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu
cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq
ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu
fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və
yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və
terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə
həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması
məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə –
soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə
xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün
cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün
davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur
ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri
vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında
aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin
ərazi bütövlüyü bərpa edildi.

Teqlər: