Ermənilər ürəkləndilər: Bakıya “çox sərt” təzyiqə çağırdılar

Ermənilər ürəkləndilər: Bakıya “çox sərt” təzyiqə çağırdılar

Azərbaycanın 32 erməni əsiri 2 azərbaycanlı əsirə dəyişməyə razı olmasının səbəbləri haqda ən müxtəlif, ağlagəlməz versiyalar səsləndirən Ermənistan mediası artıq kənardan, diaspor üzvləri arasından da fikirlər almağa başlayıb.

AzerTimes xəbər verir ki, Marseldəki Abovyan Kollecinin rəhbəri, yazıçı Karen Xurşudyan erməni mediasına açıqlamasında “əgər arxasında başqa razılaşma yoxdursa”, bunu İrəvanın böyük diplomatik uğuru adlandırıb.

Onun sözlərinə görə, Ermənistan “pərdəarxasında” Azərbaycana hansısa güzəşt vəd edə, xüsusilə bu, torpaq itkisi ilə bağlı da ola bilər.

Buna baxmayaraq, o, ikinci versiya da irəli sürüb, iddia edib ki, çox güman, Fransanın Ermənistana hərbi-texniki yardımı Azərbaycanı bu addımı atmağa vadar edib. Bununla Bakı guya Avropanın gözünə kül üfürməyi və Ermənistana hərbi yardımı dayandırmağı hədəfləyir.

Azərbaycanın bu humanitar güzəştini “təzyiqin nəticəsi” hesab edənlər sırasında “Fransanın siyasi xadimi” kimi təqdim edilən Hilda Çoboyan da var. O, məhz bu təzyiq sayəsində əsirlərin azad edilməsinə inanaraq, Qarabağdakı keçmiş separatçıların da azadlığı üçün Azərbaycana “indikindən daha güclü təzyiqə” çağırıb.

“Azərbaycanın qalan erməni məhbuslarını azad etməsi üçün Azərbaycana indikindən daha güclü təzyiq göstərilməlidir. Əks halda Bakı İrəvandan ağır güzəştlər gözləyəcək”, – o vurğulayıb.

O bildirib ki, Ermənistan və Avropadakı erməni diasporu Azərbaycana təsir etmək üçün bütün imkanlara əl atmalıdır.

Bunun ardınca isə Çoboyan ziddiyyətli fikirlərə başlayıb: iddia edib ki, Bakıya təzyiq edə biləcək real qüvvə ABŞ-dır, lakin Vaşinqton regionda öz maraqlarını güdür, ona görə də bu məsələyə diqqətli olmaq lazımdır. Rusiyanın bu məsələdə Azərbaycana təzyiq edəcəyinə isə inanmadığını əlavə edib.

Başqa sözlə, Azərbaycanın iradəsinə təsir edə biləcək qüvvənin olmadığını bir-bir sayandan sonra yenidən “beynəlxalq təzyiqi gücləndirməkdən” bəhs edib.

Qeyd edək ki, geri qaytarılan 32 erməninin heç birinin tibbi müayinə və müalicəyə qəti şəkildə ehtiyacı olmadığını, Bakıda onlara həssas yanaşıldığını Ermənistan Səhiyyə Nazirliyi rəsmən elan etdi və onlar artıq ailələrinə təhvil veriliblər. Bununla bərabər, Azərbaycan qarşılıqlı etimad mühiti yaratmaq, birbaşa danışıqların daha müsbət nəticə verdiyi və vasitəçisiz əlaqənin uğurlu format olduğu mesajını vermək, qonşuların öz problemlərini xarici qüvvələrə arxalanmadan, bir-birinin maraqlarına uyğun həll etməsinin daha yaxşı olduğunu isbatlamaq üçün bir insanlıq nümanəsi göstərdi, ermənilər isə bunu “təzyiqin nəticəsi” saymağa meyilləniblər.

Ənənəvi erməni düşüncə və məntiqi ortadadır. Bunlar yalnız bir dildən anlayırlar.

Teqlər: