Kəlbəcər. Trend:
Başlıbel qətliamından 29 il ötür.
Ermənilərin xalqımıza qarşı törətdiyi amansız hərbi
cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel
kəndində baş verib. İşğal zamanı kəndin bütün yol keçidləri və
cığırlarının ermənilər tərəfindən bağlanması 62 nəfər sakini
dağlarda gizlənməyə məcbur edir. Lakin həmin şəxslər cəmi 17 gün
gizlənə biliblər. Onlar həmin günlər ərzində yalnız çay suları və
təbii bitkilərlə qidalanmağa məcbur olurlar. 1993-cü il aprelin
18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi
mağaranı aşkarlayıb. Terror aktının növbəti hissəsini həyata
keçirirlər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən
27 nəfər dinc və silahsız sakin güllələnərək qətlə yetirilib.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu işğaldan azad edilmiş
Kəlbəcər rayonunun Başlıbel kəndində olub, faciə baş verən əraziyə
baş çəkib, soyqırımdan təsadüf nəticəsində sağ qalan şahidlərin
dəhşətli xatirələrini lentə alıb.
Başlıbel soyqırımının şahidi Mahir Cəfərov Trend Tv-yə bildirib
ki, ermənilər kəndi işğal edərkən kənd sakini Hüseyn Hüseynovu
diri-diri yandırıb, Qənaət Ağayevi isə işgəncə ilə qətlə yetirib.
Ümumilikdə 19 nəfər kənd sakini Ermənistan hərbçiləri tərəfindən
girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər
isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı
yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və
günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada
yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə
keçə biliblər.
İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər
olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta
məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub.
Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1
mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə
kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5
traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində
qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara
bilməyib. Tamamı ilə mühasirədə qalan sakinlər necə deyərlər can
bazarında öz canlarını qurtarmağa çalışıblar. Dağlar sakini olan
başlıbellilərin elə son pənah yerləri də dağlar olur.
Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük
kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının
qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşirdi. Kəndin ərazisində
1993-cü ilədək yaşayan yerli sakinlər Azərbaycan türkləri olub.
Başlıbeldən hazırlanan videoreportajı təqdim edirik.