Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının işi ermənilərin şikayəti əsasında yenidən məhkəməyə çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə diaspor üzrə mütəxəssis, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin məlumat yayıb.
O bildirib ki, Lahey məhkəməsinin qərarı ilə İlhan Aşkın 1000 avro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum ediləcək:
“İlhan Aşkının bu məhkəmə işi az qala on ilə yaxındır ki, davam edir. Bu davada onun tək qalması qəbuledilməzdir. Bu bir mücadilədir, vaz keçməyəcəyimiz davadır. Kim özünü bu davanın adamı sayırsa, İlhan bəyin yanında olmalıdır.
Xatırladım ki, 2014-cü ildə Niderlandın Almelo şəhərində təşkil edilmiş mitinqdə çıxışı zamanı İlhan Aşkın “Qarabağ erməniyə məzar olacaq” şüarı səsləndirdiyinə görə erməni diasporu tərəfindən məhkəməyə verilib.
3 mart 2017-ci ildə keçirilən məhkəmədə dövlət ittihamçısı İlhan Aşkının 80 saat ictimai iş cəzası və 2 il müddətində bu hadisə təkrarlanarsa, 2 həftə həbs cəzasına məhkum edilməsini istəsə də, 17 martda keçirilən məhkəmədə cəzalar iki qatına çıxarılıb.
Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır. Burdan da görünür ki, ermənilər İlhan Aşkından qisas almağa çalışır. Onu yalnız buraxsaq, bu bizim üçün ən böyük utanc olar”.