Ermənilər ekoloji terror törətdiklərini etiraf etdilər

Ermənilər ekoloji terror törətdiklərini etiraf etdilər

“Vallex Group”un tərkib hissəsi olan “Base Metals” şirkəti Ağdərə rayonundakı Drombon (Heyvalı) qızıl-mis və Kaşen (Dəmirli) mis-molibden mədənlərinə investisiya qoyub, orada qeyri-qanuni fəaliyyət göstərir.

AzerTimes xəbər verir ki, Ermənistanın “hetq.am” saytında şirkətin təbiətə vurduğu ziyan barədə xəbər dərc olunub və şirkət rəhbərinə təhlükə barədə xəbərdarlıq edilib. “Base Metals”ın baş direktoru Qarabağda meşələri kəsdiklərini etiraf edib.

Sözügedən xəbərdə bildirilir ki, şirkət 2002-ci ildən Drombon mədənində iş aparır. Statistikaya görə, qızıl-mis mədəninin ehtiyatları əvvəllər 3,2 milyon ton təşkil edirdi. Son illərdə isə illik hasilat və emal 350 min tona çatıb.

“Base Metals”ın İdarə Heyətinin sədri və baş direktoru Artur Mkrtumyanın sözlərinə görə, indi Drombon mədəninin ehtiyatlarının ödənilməsi dövrü başlayır. “Mədənin qalan ehtiyatları 500 min ton təşkil edir ki, bu da 2-2,5 illik istismara kifayət edəcək”, – o deyib.

Mkrtumyanın iddiasına görə, Kaşendən çıxarılan filizin tərkibi mis və molibdendən ibarətdir və açıq mədəndə radiasiya elementləri olan metallar yoxdur, buna görə də atmosfer tullantılarla çirkləndirilmir. “Bu bütün dünyaya çoxdan məlum olan klassik sistemdir və biz heç bir təhlükə görmürük” – şirkət rəhbəri deyib.

Sayt yazır ki, Ağdərədə yerləşən Drombon yeraltı mədəninin işlədiyi 11 il ərzində 4 milyon ton istehsal tullantıları toplanıb.

“Bir il əvvəl “Base Metals” mədən yaxınlığında 3-cü tullantı anbarını inşa edib. Şirkətin Ümumi İşlər İdarəsinin rəisi Samvel İvanyan deyir ki, 3-cü tullantı anbarı 14 hektar ərazidə tikilib. Baş direktor Artur Mkrtumyan isə təkidlə bildirir ki, Drombonun 3 tullantı anbarı birlikdə 10 hektar ərazini tutur” – xəbərdə qeyd olunub.

Mkrtumyanın sözlərinə görə, tullantılar kifayət qədər uzundur və eni 80-100 metrdir. Yer qabığını tullantı təsirindən qorumaq üçün 3-cü tullantı anbarının dibi Almaniya istehsalı olan xüsusi plyonka ilə örtülür.

Drombondakı mədən tullantılarında hələ də çıxarıla bilən qızıl qaldığı üçün təkrar emal texnologiyalarından istifadə olunur. Bu məqsədlə Drombonda yeni zavod tikilir. Artur Mkrtumyan bildirib ki, qalan qızıllar çıxarıldıqdan sonra tullantılar 3-cü anbara atılır.

Erməni mediası Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətin baş direktoruna təhlükə barədə xatırlatma edib: “Ekoloqlar yerdəyişmənin təhlükələri barədə xəbərdarlıq edirlər” – deyə, baş direktora xatırlatdıq”.

Mkrtumyan isə cavabında bildirib ki, orada heç bir təhlükə görmür, çünki daşındıqdan sonra tullantılar xüsusi avadanlıqlarla kimyəvi prosesdən keçir.

Sayt “Base Metals” rəhbərindən mədən işləri nəticəsində Drombon və Kaşendə şirkətin meşələri qırması barədə də soruşub.

Mkrtumyan meşələri məhv etdiklərini etiraf edib: “Kaşendə, yəqin ki, 3-4 hektar kolluq meşəsini kəsmişik. Drombonda isə tullantı anbarlarını da nəzərə alsaq, ümumilikdə 20-30 hektar meşəni kəsmiş olacağıq”.

“Base Metals”ın baş direktoru onu da bildirib ki, Qarabağda yeni yaranmış daha 2 mədən şirkəti də var ki, onlardan biri ilin sonuna qədər istehsala başlayacaq.

Artur Mkrtumyan sayta açıqlamasında ekoloji problemin həllini ilə bağlı bildirib ki, Qarabağda bu cür problemlərin monitorinqi üçün QHT-lər var.

“İstər-istəməz fikirləşməyə başlayırsan ki, Qarabağın bənzərsiz və təmiz təbiəti mədənçiliyin qurbanına çevriləcək?!” – erməni mediası sonda sual edir…

Musavat.com olaraq xatırladaq ki, Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi baş tutmayıb.

2022-ci il dekabrın 3-də və 7-də sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib.

Nəticədə azərbaycanlı ekofəallar və QHT üzvləri Şuşa-Xankəndi yolunda etiraz aksiyasına başlayıblar. Aksiya 4 gündür ki, davam edir.

Teqlər: