Xəbər - Fərid Zöhrabov – Trend:
İşğaldan azad olunan ərazilərimizdə 2645 tarix və mədəniyyət
abidələri mövcud olub. Bunların böyük əksəriyyəti ermənilər
tərəfindən dağıdılıb və saxtalaşdırılıb.
Bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix
İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Alban tarixinə aid olan abidələrin çoxunun
forması dəyişdirilərək, erməniləşdirilib:
“Ermənilər həmin abidələri dünyaya öz abidələri kimi təbliğ
etməkdədirlər. Ermənilərin Alban mədəni irsini, erməni mədəni irsi
nümunələri kimi dünyaya göstərmələri və UNESCO kimi beynəlxalq
təşkilatlaradan Qarabağda erməni abidələrini yoxlamaq üçün
nümayəndə heyətini gözlədiklərini elan etmələri saxtakarlıqdır.
50-dən çox forması dəyişdirilən tarix və mədəniyyət abidələrimiz
var ki, ermənilər həmin abidələrin üzərinə zəng qüllələri əlavə
edib kilsə və monastır kimi təbliğ edirlər. Halbuki həmin abidələr
xristianlıq mövcud olmayanda var idilər. Bunlara misal olaraq Tuğ
kəndində yerləşən alban məbədini, Laçın rayonunun Mirik, Hüsülü,
Kosalar kəndindəki abidələri, bundan başqa Kəlbəcər rayonunda
yerləşən Gəncəsər monastırını göstərmək olar”, – tarixçi
vurğulayıb.
F.İsmayılov bildirib ki, indiki Ermənistan ərazisində
azərbaycanlılara məxsus 3500 tarix mədəniyyət abidələri var.
Onlardan 391-i məsciddir. “Orada olan tarixi-memarlıq abidələri,
karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar,
məqbərələr, qəbirüstü abidələrin çoxu erməni vandalları tərəfindən
tamamilə məhv edilib.
Ermənistan respublikası ərazisində kifayər qədər həm
xiristianlığa qədər dövrlərdəki abidələrimiz, həm də xristianlıq
dövrü abidələrimiz – biz ona Qafqaz Albaniyası dövrü deyirik – məhv
edilib. Həmin abidələr də çoxu məhv olmaq üzrədir. Ermənilər
saxtalaşdıra bilmədiyi tarixi abidələri dağıdıblar. Buna misal
olaraq Gorus, Qafan, Mehri şəhərlərinin yaxınlığında məhv edilən
xeyli sayda memarlıq abidələrimizi göstərmək olar. Hətta Gorus
rayonunun Uz kəndində 300 abidənin olduğu kənd tamamilə məhv
edilib. Həmin abidələrin daşları daşınaraq tikintidə istifadə
olunub”, – deyə F.İsmayılov qeyd edib.