Erməni vandalları tərəfindən darmadağın edilən Şuşa yenidən dirçəlir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Erməni vandalları tərəfindən darmadağın edilmiş Şuşa bu gün yenidən dirçəlir və qısa zaman ərzində dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən Şuşada görülən işlərin miqyası olduqca böyükdür: “Qısa zamanda Şuşaya yol çəkildi, şəhərin elektrik, su təchizatı bərpa edildi, Şuşaya həyat yenidən qayıtdı. Cənab Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində bildirmişdi ki, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Cənab Prezidentin bu sözləri qısa zamanda reallaşdı və Şuşa sürətlə yenidən qurulur.

Eyni zamanda, Şuşada mədəni-tarixi abidələrimiz sürətlə bərpa edilir. Yuxarı Gövhər Ağa məscidində bərpa işləri artıq tamamlanmaq üzrədir, Vaqifin məqbərəsi bərpa olunub, Nətavanın, Üzeyir Hacıbəyovun, Bülbülün büstləri yenidən Şuşanın mərkəzi meydanında quraşdırılıb.

Şuşada yenidən “Xarıbülbül” beynəlxalq musiqi festivalı, Vaqif poeziya günləri keçirildi. Görülən bütün bu işlər indi dünyanın diqqət mərkəzindədir. Bu, həm də onu göstərir ki, Azərbaycan sülhsevər, qurub-yaradan, insanların xöşbəxtliyi üçün çalışan dövlətdir”.

Teqlər: