Erməni təcavüzkarlığından zərər çəkmiş Azərbaycan jurnalistləri və KİV-lər barədə məlumat bazası hazırlanır

Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş, həlak olmuş,
xəsarət almış Azərbaycan jurnalistləri, köçkün düşmüş və ya
fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış KİV qurumları
barədə məlumat bazası hazırlanır.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai
Birliyindən (MİTDİB) AzerTimes-a
verilən məlumata görə, tərəfindən icra olunan “Ermənistanın
təcavüzündən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı
layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, son 30 il
müddətində Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti
Azərbaycanda media sahəsinə da ciddi zərər yetirib: “1990-cı
illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 10-dan çox
Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını
itirib. Bir o qədər jurnalist də fiziki xəsarətlər alıb,
sağlamlığına zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş
KİV qurumlarının redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud,
köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar.
Təəssüf ki, qeyd edilən sahədə məlumatlar dağınıqdır, konkret
rəqəmlər yoxdur. Bu hadisələr barədə məlumatların toplanıldığı
vahid, əlçatan mənbənin yaradılmasına, vahid məlumat bazasının
formalaşdırılmasına ehtiyac var. İcra etdiyimiz layihənin məqsədi
bu müstəvidə mövcud olan boşluğu aradan qaldırmaqdır”.


Müşfiq Ələsgərli əlavə edib ki, beş ay müddətində davam edəcək
layihə çərçivəsində “Ermənistanın təcavüzkar siyasətindən zərər
çəkmiş Azərbaycan jurnalistləri və KİV qurumları barədə məlumatlar
toplanılıb xarici dillərə tərcümə edildikdən sonra onlar layihə
çərçivəsində hazırlanacaq saytda yerləşdiriləcəklər, beynəlxalq
təşkilatlar üçün əlçatan olacaqlar”.

Teqlər: