Erməni deputat müharibədən milyonlar qazanır

Erməni deputat müharibədən milyonlar qazanır

Müharibə zamanı Ukraynanın “Həyat və Sülh platforması” deputat qrupunun üzvü Suto Mamoyanın ailəsi dəyəri 1,3 milyon dollardan çox olan 13 avtomobil alıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“2020-ci il üçün bəyannamədə millət vəkili 2018-ci il istehsalı olan “Mersedes-Benz G63 AMG” və 2017 və 2018-ci il istehsalı olan iki “Toyota Land Cruiser 200” markalı avtomobillərə sahib olduğunu qeyd edib. Mamoyan bildirir ki, bu avtomobilləri satın alındıqda hər birinin qiyməti 800 dollar olub. İndi bunlar xalq deputatına məxsus deyil. O, qohumlarının adına qeydiyyatda olan avtomobillərdə gəzir. Mamoyan təzə alınmış 2020-ci il istehsalı olan “Mersedes-Benz S500L” sürür. Rəsmi olaraq avtomobil Mamoyanın əmisi oğlu Temur Sutkaya məxsusdur. Belə bir avtomobilin qiyməti hazırda 172 min dollardır. 2022-ci ilin sentyabr ayının əvvəlində yeni alınmış “Toyota Land Cruiser 300” maşını da deputatı müşayiət edir. Bunun qiyməti isə təxminən 90 min dollardır və xalq deputatının dayısının adınadır”, – məlumatda deyilir.

Qeyd olunur ki, 2022-ci ilin iyun ayında deputatın dayısı üçün ən azı 133 min dollar dəyərində olan yeni “Leksus LX500d” alınıb:

“2022-ci ilin sentyabr və oktyabr aylarında Mamoyanın qohumları təxminən 180 min dollar dəyərində daha iki “Toyota Land Cruiser 300” alıb. Mamoyanın atası, əmisi oğulları və əmisi də keçən il daha 4 ədəd “Toyota Camry” sedanı alıblar. Onlardan birinin qiyməti 31 min dollar, üçü isə hər biri minimum 37 min dollaradır. Hazırda hər dörd maşının ümumi bazar dəyəri 141 min dollardan başlayır.

İlin sonunda Mamoyan ailəsinin maşın parkı qiyməti 118 min dollardan başlayan premium “Mersedes-Benz V300D” mikroavtobusu ilə tamamlanıb.

Ötən ilin may ayında Mamoyan soyadlı qadın üçün qeydiyyatdan keçmiş “Mersedes-Benz S400L” avtomobili də qeydə alınıb. Bu maşını dəfələrlə xalq deputatının qaldığı yerlərdə görüntülənən adam idarə edir. Bunun qiyməti 136 min dollardan başlayır. Ötən ilin avqustunda həmin qadının adına 260 min dollar dəyərində 2021-ci il istehsalı olan “Mersedes-Maybach S680” qeydiyyatdan keçib. Bunlar heç də xalq deputatı ailəsinin bütün maşınları deyil. Oktyabr ayında Mamoyan ailəsinin parkı Sinot Mamoyan adlı şəxsin adına qeydiyyatdan keçmiş ən azı 225 min dollar dəyərində olan başqa bir “Mersedes G63 AMG” ilə tamamlanıb”.

Daşınmaz əmlaka gəlincə, 2020-ci ilin bəyannaməsində xalq deputatı əmisinin mənzilində yaşadığını, həmçinin anası tərəfindən bağışlanan hər biri 125 kvadratmetr olan iki mənzilinin olduğunu qeyd edib:

“Hər birinin elan edilmiş dəyəri 500 min qrivnadır. Ancaq Mamoyan, deyəsən, mənzildə deyil, malikanədə yaşayır. O, Kiyevin sol sahilindəki ümumi sahəsi 132 hektar olan evdə qalır. Torpaq və onun üzərindəki “bağ evləri” xalq deputatının valideynlərinə məxsusdur. Ərazidə iki böyük mülk, onlarla avtomobil üçün bir neçə qaraj, fəvvarələr, külafirəngi, qonaq evi və ikimərtəbəli mühafizə evi var. Yolun qarşısında 48 sot torpaq sahəsində digər mülk də yerləşir. Torpaq xalq deputatının iki qardaşına məxsusdur və onlardan birinin 134 kvadratmetr sahəsi olan bağ evi var.

Təxmini hesablamalara görə, Mamoyanın valideynlərinin və əmioğlularının torpaq sahələrinin ümumi bazar dəyəri 480 min dollar, üç evdən birinin qiyməti isə 1 milyon dollara çata bilər”.

Teqlər: