Birləşmiş Ərəb Əmirliklərinin Marsa göndərdiyi aparat vasitəsilə planetin landşaftının xüsusiyyətlərini göstərmək üçün xəritə yaradılıb.
AzerTimes xəbər verir ki, “Space.com” məlumat yayıb.
Xəritə Əbu-Dabi Nyu-York Universiteti və BƏƏ Kosmik Elmi Mərkəzinin bir qrup alimi tərəfindən hazırlanıb. Xəritədə planetin geoloji xüsusiyyətləri göstərilib.
Bildirilib ki, xəritə alimlərə Marsla bağlı bir sıra suallara cavab almağa kömək edəcək. Xüsusilə, əvvəllər su çox olan bu planet niyə quruyub və insan həyatı üçün yararsız hala düşüb.
Xəritəni yaratmaq üçün alimlər Marsda bir il ərzində çəkilmiş 3000-dən çox görüntünün məlumatlarından istifadə ediblər.
Görüntülərdə qütb buzlaqları, dağlar və hərəkətsiz vulkanlar, həmçinin təxminən 3,5 milyard il əvvəl su ilə dolu olan çayların, göllərin və dərələrin qalıqları əks olunub.
Qeyd edək ki, bundan əvvəl Çin roveri Marsda 1,6 milyard il əvvəl baş vermiş daşqınların izlərini aşkar etmişdi.