Ərəb şirkətləri ilə əməkdaşlığın bizə xeyri olacaq – Yıldırım

Ərəb şirkətləri ilə əməkdaşlığın bizə xeyri olacaq – Yıldırım

Azərbaycanla ərəb şirkətləri arasında imzalanmış sazişlərin icrası ölkədə “yaşıl” enerjinin istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım Dünya Ərəb Dili Gününə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycanla ərəb şirkətləri arasında imzalanmış sazişlərin icrası bütün Azərbaycanda bərpa olunan mənbələrdən “yaşıl” enerji istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”, – deyə o, bildirib.

Deputatın sözlərinə görə, ərəb şirkətləri Azərbaycan iqtisadiyyatına kapitalqoymada xüsusi rol oynayır.

“Bu cür əməkdaşlığın nümunələrindən biri Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında 2020-ci ilin yanvar ayında imzalanmış müqavilədir. “ACWA Power” Azərbaycanda 240 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi ilə əlaqədar layihələrin icrasında, “Masdar” isə 200 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisində iştirak edib”, – deyə o, əlavə edib.

Fatma Yıldırım həmçinin, bir sıra ərəb şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin icrasına investisiya yatırmaqda maraqlı olduğunu qeyd edib.

“Ərəb dövlətlərinə məxsus şirkətlərin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı dostluğumuzun daha da möhkəmlənməsinin mühüm amilidir”, – deyə o, vurğulayıb.

Teqlər: