Ərdoğan Putindən istədiyini ala biləcəkmi?

Ərdoğan Putindən istədiyini ala biləcəkmi?

Ərdoğanın Soçidə Putinlə görüşünün əsas gündəmi Suriya olacaq: Türkiyə planlaşdırdığı yeni əməliyyatın siyasi şərtlərini yetişdirmək istəyir.

Və Soçi görüşünə Ərdoğan, Putin və Rəisinin Tehran zirvəsi fonunda baxa bilərik.

Ərdoğanın 19 iyulda İrana səfər edəcəyi açıqlananda görüşün üçtərəfli olacağı bəlli deyildi. Həmin ərəfədə Baydenin Yaxın Şərq turnesində idi və ABŞ Prezidenti Səudiyyə Ərəbistanında elan etdi ki, heç bir yerə getmirik, bölgədə Rusiya, İran və Çinin dolduracağı boşluq buraxmayacağıq.

Bu, Suriya məsələsində yeni gündəliyin formalaşması, daha doğrusu, köhnə gündəmin yenidən aktuallaşmasına zəmin yaratdı. Putinin Tehran səfəri və görüşün üçtərəfli formatda keçirilməsi də ABŞ-ın elan etdiyi perspektivə qarşı edilən gediş idi. Tehranda Putin və Rəisi elan etdi ki, “ABŞ bölgədən getməlidir”. Və buna nail olmaq üçün iki yol var:

1. “Astana formatı”nın dirildilməsi;

2. Türkiyənin mövqeyinin uzlaşdırılması.

Tehran görüşündə sərgilənən ortaq mövqe tərəflərin ən azı nəzəri baxımdan buna nail olduqlarını deməyə əsas verir: Ankara-Moskva-Tehran üçlüyü “Astana formatı”nı yenidən aktuallaşdırır və üçlünün Suriyada toqquşan maraqları ABŞ-a qarşı cəbhə almaq fonunda arxa plana keçir;

Hədəfi Suriyada PKK/PYD/YPG terrorçularına qarşı yeni əməliyyatın siyasi zəminini hazırlamaq və cari dövrdə “təhlükəsizlik bölgəni” formalaşdırmaqla suriyalıların geri qayıdışını təşkil etmək olan Türkiyə Tehran zirvəsinə qədər iki gediş etdi:

– İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə “yaşıl işıq” yandırmaqla Suriyada yeni əməliyyata ABŞ-ın mümkün neytrallığını təmin etməyə çalışdı: mümkündür ki, Vaşinqtondan ən azı seyrçi qalmaqla bağlı “vəd” alıb, lakin Ankara praktikada bunun əksi ilə üzləşə biləcəyini də unutmur;

– Ukraynada taxıl razılaşması üzərindən Suriya məsələsində Rusiya ilə anlaşdığı mümkündür: Moskva taxıl məsələsi ilə sanksiyaların yumşaldılmasını hədəfləyirdi, ABŞ və Avropa İttifaqının müəyyən qədər geri çəkilməsi nəticə əldə etdiyini göstərir.

Ərdoğan Tehrana anlaşmaq üçün getmişdi, Xamenei də daxil olmaqla İran rəsmilərinin mövqeyi isə istəyinə tam nail olmadığını deməyə əsas verir.

Moskva və Tehran anlayır ki, Vaşinqtonun Suriyada təsirini minimuma endirmək Ankara ilə əməkdaşlıqdan – “Astana formatı”nın yenidən işə düşməsindən keçir və Türkiyəni qazanmaq üçün ona istədiyini vermək lazımdır. Hərçənd, Türkiyənin yeni əməliyyatla Suriyada mövqelərini gücləndirməsi perspektivi İranı narahat edir, xüsusilə Rusiyanın Ukrayna müharibəsinə görə Suriyada bir çox mövqeyindən geri çəkilməsi və Tehranın önünün açılması fonunda Ankaranın irəliləməsində maraqlı deyil. İranın yeni əməliyyata problemlər yaratması da bundan irəli gəlir.

Ərdoğanın Soçi səfəri də mümkün əməliyyatı Putinlə razılaşdırmaq və Tehranı “ofsayta” salmaq məqsədi daşıya bilər. Və Türkiyənin istədiyini verməməyin mümkün nəticələri Ankaranın əlini gücləndirən amildir:

a) “Astana formatı”nın – ABŞ-ın Suriyada sıxışdırılması istiqamətində ittifaqın işləməsi üçün Türkiyə lazımdır;

b) ABŞ “bölgədə Rusiya, İran və Çinin dolduracağı boşluq buraxmamaq üçün” Türkiyə ilə PYD məsələsində bu və ya digər formada anlaşa, “təhlükəsiz bölgənin” yaradılmasına imkan tanıya bilər;

c) Moskva üçün Ankara həm Suriya, həm Cənubi Qafqaz, həm də Ukrayna planlarında həlledici oyunçudur.

Bu baxımdan, Putin Ərdoğanla Suriya məsələsində bütün fikir ayrılıqlarına rəğmən anlaşa bilməsi mümkün görünür.

Teqlər: