Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri
Virgil Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə
Ana Birçal, həmçinin “Transgaz” və “Romgaz” şirkətlərinin rəhbər
şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
iki ölkə arasında enerji əməkdaşlığının prioritet istiqamətləri
üzrə müzakirələr aparılıb. Energetika sahəsində əməkdaşlığın
inkişafında Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq
münasibətlərinin mühüm rol oynadığı qeyd edilib. Həmçinin Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində VIII nazirlər iclasında
Rumıniyanın iştirakı, layihəyə marağı yüksək təqdir edilərək,
dəhlizin genişləndirilməsi çərçivəsində bu ölkənin layihəyə qoşulma
perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara
dəniz sualtı fiber-optik kabelin çəkilməsi layihəsi də nəzərdən
keçirilib. Rumıniya layihə üzrə hazırda formalaşdırılan İşçi
Qrupunda iştiraka dəvət edilib. Nazir Pərviz Şahbazov layihənin
region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac
imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini
vurğulayaraq, Azərbaycanın “yaşıl enerji”nin ixracı üçün potensial
və planlarını diqqətə çatdırıb. Nazir deyib ki, hazırda həyata
keçirilən bərpa olunan enerji layihələri və dənizdə külək enerjisi
potensialının reallaşdırılması ilə bağlı planlar gələcəkdə Avropa
ilə əməkdaşlıqda Azərbaycanı “yaşıl enerji” mənbələrindən istehsal
ediləcək elektrik enerjisinin və hidrogenin ixracı sahəsində də
mühüm tərəfdaşa çevirə bilər.
Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının digər
perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.