UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
AzerTimes xəbər verir ki, 12 matçda ümumilikdə 142 minə yaxın tamaşaçı iştirak edib.
Bakıda keçirilən “Qarabağ” -“Sürix” (İsveçrə) görüşü bu göstəricidə birinci olub. Qarşılaşmanı 30 min 782 azarkeş izləyib.
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) oyunu ikinci (29 min 654) “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı isə üçüncü (20 min 459) olub.
Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ev oyununda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək.
Xatırladaq ki, “Qarabağ”ın turnirin birinci təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə keçirdiyi hər iki oyun da ən çox tamaşaçı toplayan görüş olmuşdu.