Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? – Nazirlikdən AÇIQLAMA

Xəbər - Aysel Quliyeva -Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə
həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial islahatlar
çərçivəsində sosial ödənişlərin, o cümlədən, pensiyaların 2022-ci
ilin əvvəlindən növbəti dəfə artırılması təmin edilib. Minimum
pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu
artım 40 min şəxsin pensiyasında artıma imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
mətbuat xidmətinin rəhbəri Fazil Talibov AzerTimes-ın sualına cavabında bildirib.

O qeyd edib ki, bununla yanaşı, bu ilin əvvəlindən bütün
pensiyaçıların pensiyalarında da artım olub.

Belə ki, pensiya (qulluq stajına görə pensiyalarına əlavələr
hesablanmış şəxslər istisna olunmaqla) ötən ilin orta aylıq
əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və əlavə
olaraq pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.
1,1 mln. pensiyaçının pensiyalarında ilin əvvəlindən artım edilib
və bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat
ayrılıb.


“Digər pensiyaçılara, yəni qulluq stajına görə pensiyalarına
əlavələr hesablanmış şəxslərə (hərbi qulluqçular, hüquq-mühafizə
orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) də bu ilin
əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım
verilməsi (pensiya ilə birgə) nəzərdə tutulub. Bununla onların da
pensiyalarında 10 faiz artım olub (misal üçün, 1200 manat pensiya
alan şəxsin pensiyasına 120 manat da maddi yardım əlavə olunmaqla
hər ay 1320 manat alacaq). Bunun üçün də illik əlavə 86 milyon
manat vəsait ayrılıb”, – deyə nazirlik rəsmisi qeyd edib.

Beləliklə, həm minimum pensiya 20 faiz artıb, həm qulluq stajına
görə pensiyalarına əlavələr hesablanmış şəxslərin pensiyaları, həm
də digər pensiyaçıların pensiyaları artırılıb.

Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial
ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon
şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1
mlrd. manat təşkil edir.

Teqlər: