Elman müəllim bizi bu cür “döydü”, arzularımızı dəyişdi…

Elman müəllim bizi bu cür “döydü”, arzularımızı dəyişdi…

Mən 9-cu sinifdə oxuyanda məktəbimizə yeni Azərbaycan dili və ədəbiyyat müəllimi gəlmişdi. Hazırda 65 illik yubileyini qeyd etdiyimiz filologiya elmləri doktoru, professor, o zaman isə sadə bir kənd müəllimi, pedaqoq Elman Quliyev.

Düşünürəm ki, E.Quliyevin ən enerjili, öyrətməyə, dərs deməyə ən həvəsli vaxtları mənə və mənim həmkəndlilərimə dərs dediyi, elm öyrətdiyi vaxtlara təsadüf edir. Amma sonrakı pedaqoji fəaliyyətinə, elmi araşdırmalarına nəzər yetirdikdə, əsərlərini, kitablarını oxuduqda E.Quliyevin coşqun dağ bulağı kimi günü-gündən daha da çağladığının, qidasını yerin dərin qatlarından sorub hər damlası ilə təbiətı canlandıran ayna bulaqlar kimi coşub-daşdığının şahidi olursan. Demək, əsil pedaqoqdan dərs almaq xoşbəxtliyindən, kəndimizin dili ilə desəm, əsil xalq müəlliminin elmindən təkcə mən və mənim həmkəndlilərim deyil, yüzlərlə tələbə qidalanmış, yüzlərlə mütəxəssis bəhrələnmişdir.

“Xalq müəllimi” ifadəsi kəndimizdə təkcə elmi ilə deyil, mədəniyyəti, əxlaqı, mərifəti və sair yüksək insani keyfiyyətləri ilə seçilən insanlar haqqında söylənilir. Mənim dil və ədəbiyyat müəllimim Elman Quliyev kəndə qədəm qoyduğu elə ilk dəqiqələrdən əsil xalq müəllimi statusunu qazanan pedaqoq kimi, humanist, insanpərvər, alicənab bir gənc kimi tanındı, sevildi, seçildi. Sinif otağının, məktəbimizin aurası dəyişdi. Biz, zatən, əsl kənd müəllimlərinin, – torpağa, millətə, vətənə, xalqa bağlı, soyumuza, kökümüzə sədaqətli müəllimlərin ixtiyarına buraxılmış, xeyirxah və ləyaqətli pedaqoqlardan dərs alırdıq. Amma illərdən bəri davam edən kənd məktəb üsul-idarəsi Elman müəllimin məktəbimizə qədəm qoyduğu ilk dəqiqələrdən yeni və mütərəqqi bir don geyindi. Dərsinə hazır olmadıqda, dəcəllik etdikdə döyülməyə öyrəşən və bu döyülməkdən heç də narazı olmayan, əksinə zövq alan şagirdlər, yeni müəllimin cəza metodu ilə qarşılaşdıqda əvvəlcə təəccübləndilər, sonra heyran qaldılar, sonra da utandılar. Sonra da “döyülməyin” ən ağır forması ilə qarşılaşdıqlarını anladılar. Bu anlayış isə bizə baha başa gəldi. Çünki son dərəcə ciddi tarix müəllimimizin, tələbkar kimya-biologiya müəllimimizin, zəhmindən yer-göy yarılan fizika-riyaziyyat və digər müəllimlərimizin cəza tədbirləri yeni Azərbaycan dili və ədəbiyyat müəllimimizin cəza tədbirlərinin qarşısında “toya getməli” oldu. Elman müəllimin islahedici bir baxışı, utandırıcı bir mimikası, bədən dili ilə, yaxud susmaqla verdiyi mesaj dəcəl şagirdlərini qısa bir müddətdə əməlli-başlı tərbiyələndirdi. Hamı özünü ona oxşatmağa çalışdı. Elman müəllim müəllimlik sənətini elə sevdirdi ki, bir çoxu arzularını dəyişib, müəllim olmaq arzusuna düşdü. Elman müəllim tədris etdiyi fənni elə sevdirdi ki, bir çoxu arzularını dəyişib, Azərbaycan dili və ədəbiyyat mütəxəssisi olmaq arzusuna düşdü. Elman müəllim elə bir əxlaq, elə bir davranış nümayiş etdirdi ki, bir çoxları yollarını dəyişib Elman müəllim kimi VƏTƏNDAŞ olmaq istədi. Və bu, illərlə, hüquqşünas olmaq, prokuror olub qanunun keşiyində durmaq, cinayətkarlığa qarşı mübarizə aparmaq kimi arzularla yaşayan mənim də həyatıma təsirsiz qalmadı. Filoloq olmaq istədim.

Elman müəllim Azərbaycan dili və ədəbiyyat fənnini elə tədris etdi ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Elman müəllim ədəbiyyatı elə sevdirdi ki, yazıçı oldum…

Elman Quliyev kənddə müəllim işləməklə yanaşı elmi fəaliyyətlə məşğul olur, qiyabi olaraq aspiranturada təhsilini davam etdirirdi. 1991-ci ildən o, kəndi tərk edib mərkəzə gəldi və indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində şərəfli müəllimlik fəaliyyətini davam etdirməyə başladı. Bu illər ərzində E.Quliyev yüzlərlə filoloq, yüzlərlə dilçi, yüzlərlə türkoloq hazırlayıb və yüzlərlə vətəndaş yetişdirib. VƏTƏNDAŞ – Vətəninə sahib çıxan, Vətənini sevən, Vətəninə layiqincə xidmət edən, Vətənin daşı olmağı bacaran insan yetişdirib. Bu insanların da hərəsi bir sahədə, hərəsi bir yerdə Vətənə xidmət etməkdədir. Dolayısı ilə hər bir yetirməsinin Vətənə xidmətində E.Quliyevin əməyi var. Demək, filologiya elmləri doktoru, professor E.Quliyevin zəhməti hədər getməyib.

Hələ bundan sonra da E.Quliyev yüzlərlə VƏTƏNDAŞ yetişdirəcək. Elə buna görə də islam dinində alimin mürəkkəbi şəhidin qanından qiymətli hesab olunur.

Mürəkkəbi şəhid qanından qiymətli olan Elman müəllim, yubileyiniz münasibəti ilə sizi təbrik edir, fəaliyyətinizdə uğurlar, yorulmadan VƏTƏNDAŞ yetişdirməkdə güc, qüvvə, saglamlıq və tükənməz enerji arzu edirəm.

Teqlər: