Əliyevin İrəvana xəbərdarlığı: Ordumuz tədbir görə bilər!

Əliyevin İrəvana xəbərdarlığı: Ordumuz tədbir görə bilər!

Azərbaycan Prezidenti İlham Əliyev də il ərzində bir neçə dəfə mövcud vəziyyət və aktual məsələlər barədə toplam şəkildə ictimaiyyəti məlumatlandırmağı lazım bilir. İlham Əliyev bu yolla həm də dost və düşmənlərə, o cümlədən Ermənistana mesajlarını göndərmiş olur.

AzerTimes xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin Prezident İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziyalara geniş müsahibəsi haqda analizində əksini tapıb.

Təhlildə bildirilib ki, Prezidentin geniş müsahibəsindən əsasən bu nəticələri çıxarmaq mümkündür:

1. Fransa antiazərbaycan mövqeyindən geri çəkilməyincə rəsmi Bakı da beynəlxalq aləmdə Fransanın kolonial siyasətinə qarşı mübarizəsini davam etdirəcək. Azərbaycanın Qoşulmayanlar Hərəkatında sədrliyi başa çatmaq üzrə olsa da, rəsmi Bakı hərəkat çərçivəsində Fransanın kolonial siyasətinə qarşı formalaşdırdığı “Bakı təşəbbüsü” çərçivəsində fəaliyyətini davam etdidəcək. Bununla İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona mesaj göndərdi ki, siz bizə problem yaratmaqda davam edəcəyiniz halda, biz də sizə beynəlxalq aləmdə problem yaratmaqda davam edəcəyik;

2. İlham Əliyev Nikol Paşinyanın təbliğat məqsədilə irəli sürdüyü “Sülh qovşağı” ideyasını qəbul etmir. Paşinyan “Sülh qovşağı” təşəbbüsü altında bölgə ölkələri arasında kommunikasiya xətlərinin hər bir ölkənin suverenliyi çərçivəsində açılmasının tərəfdarıdır. Rəsmi Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın. Bu olmadan Azərbaycan Ermənistanla sərhədin heç bir məntəqəsini açmayacaq;

3. İlham Əliyev Azərbaycanın tarixi qələbəsindən sonra yeni hədəflər barədə düşünülməsinin tərəfdarıdır. Prezidentin “tarixi zəfəri istismar etmək olmaz” tezisini “tənbəlləşmək olmaz” kimi oxumaq lazımdır. Prezidentin bu tezisindən çıxış edərək Azərbaycan diplomatiyasının və diasporunun fəallaşmasına ehtiyac var. Çünki Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər;

4. İlham Əliyev 2024-cü ildə Ermənistanla sülh sazişinin imzalanması üçün şəraitin yarandığı qənaətində olsa da, Ermənistanın silahlanmağa çalışmasının bu prosesi əngəlləyə biləcəyinə diqqəti çəkib. Prezident bir daha o fikri xatırladıb ki, əgər Ermənistan Azərbaycana təhlükə yaradan silah və ya raketlər əldə edərsə, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atacaq. İlham Əliyevin bu xəbərdarlığı Ermənistanı xarici ölkələrdən hücum xarakterli silah və hərbi texnika almaqdan çəkindirməlidir. Əks halda müharibə qaçılmaz olacaq. Halbuki, Azərbaycan yeni müharibədə maraqlı deyil;

5. İlham Əliyev iki ölkə arasında sərhədlərin müəyyənləşməsinin sülh sazişinin imzalanmasına mane olmayacağı qənaətindədir. Həqiqətən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar uzun illər davam edə bilər və bu sülh sazişinin xaricində qalacaq. Azərbaycanın sərhəddəki strateji yüksəkliklərdən geri çəkilməyəcəyi bir daha vurğulandı. Sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə də ehtiyac yoxdur. Azərbaycan anklav kəndləri geri qaytarmaq siyasətindən imtina etməyəcək. Azərbaycana bitişik kəndlər təhvil verilməli, Ermənistanın içində qalan kəndlərlə bağlı vəziyyət isə iki tərəfin formalaşdırdığdığı komissiyasının müzakirə predmeti olmalıdır.

6. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlər arasında gesosiyasi rəqabətin əleyhinədir. Çünki bu rəqabət bölgə üçün əlavə problemlər yaradır. Bu mənada sülh sazişinin harada imzalanması mübahisə predmeti olmamalıdır. Önəmli olan heç bir dövlətin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və sonrakı danışıqlar prosesinə mane olmamasıdır.

Teqlər: