Əliyev təkzib edir, həmin gün AP, görün, hansı oyun qurur…

Əliyev təkzib edir, həmin gün AP, görün, hansı oyun qurur…

Avropa Parlamentinin Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışını özündə əks etdirən iki qətnamə qəbul etməsi bu qurumun illərdir ölkəmizlə bağlı sərgilədiyi qərəzli mövqeyi fonunda təəccüblü deyil. Lakin burada iki məqam xüsusilə diqqətçəkəndir: birincisi, son dövrlər Qərbdə Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışları intensivləşib; ikincisi, Azərbaycana qarşı çağırışlar, qəbul edilən qərarlar birmənalı olaraq Ermənistanın müdafiəsinə hesablanıb.

Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi son qətnamələri şərh edərkən bildirib.

A.Camal qeyd edib ki, Avropa strukturlarında Azərbaycana qarşı qəbul edilən qərarların arxasında həmişə erməni maraqlarının müdafiəsi dayanıb:

“Avropa strukturlarında şəbəkələşmiş erməni lobbisi və Azərbaycana qarşı qüvvələr bu siyasətin yönləndirilməsini həyata keçiriblər. Lakin əvvəllər erməni maraqlarının müdafiəsi məqsədi daşıyan bu siyasəti “insan haqları”, “demokratiya” kimi məsələlər üzərindən pərdələyirdilər. İndi isə “Azərbaycanın Ermənistana ehtimal edilən hücumu” üzərində qurublar. Son qətnamədə də açıq şəkildə bildirilir ki, “Azərbaycan Ermənistana hücum edərsə”, Avropa Birliyi sanksiyalar tətbiq etməli, enerji anlaşmalarını dayandırmalıdır. Bu, nə deməkdir? Hansı məntiqlə bu qərarlar verilir? necə yəni “hücum edərsə”?

Politoloq “Azərbaycanın Ermənistana hücum edəcəyi” iddiasının bölgə üzərində aparılan geosiyasi mübarizədəki oyun olduğunu hesab edir. Onun sözlərinə görə, məqsəd Qərb qüvvələrinin Cənubi Qafqazda möhkəmlənməsinə nail olmaqdır:

“Proseslər göstərir ki, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və onun yerini tutmaq istəyirlər. Bu hədəfə nail olmaq üçün Azərbaycan üzərindən oyun qurmağa, ölkəmizi vasitə kimi istifadə etməyə çalışırlar. “Ermənistana hücum” iddiası ötən ilin 20 sentyabrında Qarabağda erməni separatizminin ləğvindən sonra aktuallaşdı. Çünki erməni separatizminin ləğvi Qərbin bölgədə təsir rıçaqlarına, o cümlədən Bakıya qarşı təzyiq imkanlarına ciddi zərbə vurdu, buna görə onlara yeni əsaslar lazımdır. “Azərbaycanın Ermənistana hərbi müdaxiləsi” haqda dezinformasiya axının yaradılması da buna hesablanıb. Bu, ilk növbədə rəsmi Bakıya təzyiq etmək və İrəvanla sülh danışıqlarının Qərb platformasında aparılmasına razı salmaq məqsədi daşıyır. Bu platformada irəli sürülən gündəlik erməni maraqlarına uyğun olduğu üçün Azərbaycan haqlı olaraq imtina edir və daha çox ikitərəfli formatı irəli sürür. Avropanın siyasi paytaxtlarında isə balanslı və ədalətli mövqe sərgiləmək əvəzinə, erməni lobbisinin təsiri ilə Azərbaycanı öz əleyhinə olan gündəliyin olduğu masaya əyləşməyə dəvət edirlər. Digər tərəfdən, “Ermənistana hücum” iddiaları Azərbaycana qarşı planlaşdırılan sərhəd təxribatlarına hazırlıq məqsədi daşıyır. Rusiyanın Ermənistandan çıxarılması üçün rəsmi İrəvana Moskvanı “təhlükəsizlik öhdəliklərini” yerinə yetirmədiyini göstərmək lazımdır, bu məqsədlə Azərbaycana qarşı təxribatın törədilməsi, bölgədə eskalasiyanın yaradılması, ardınca KTMT və Moskvadan imtinanın gündəmə gətirilməsi ssenarinin tətbiq ediləcəyi gözləntisi böyükdür. Azərbaycana qarşı aparılan çirkin kampaniyanın hədəflərindən biri də budur”.

A.Camal qeyd edib ki, Azərbaycana qarşı aparılan bu kampaniyada qəribə vəziyyət yaranıb:

“Rəsmi Bakı ən yüksək səviyyədə Ermənistana heç bir hücum planının, yaxud hazırlığının olmadığını dilə gətirir, bütün bu iddiaları təkzib edir. Avropa strukturları isə qulaqlarını bağlayır və heç nə eşitmək istəmir. Prezident İlham Əliyev dünən Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən bu iddialara ətraflı şəkildə cavab verdi. Dövlət başçısı bəyan etdi ki, Azərbaycanın hücumla bağlı heç bir planı yoxdur, bütün bu uydurmalar da Makronun insinuasiyalarıdır. Prezident bu bəyanatı dünən – 28 fevralda günün ikinci yarısı verdi. Günün sonunda isə Avropa Parlamenti “Ermənistana hücum” iddiası ilə Azərbaycana sanksiya çağırışını etdi. Yaxud, Almaniya kansleri Olaf Şolts Bakı və İrəvan münasibətlərinin normallaşması işinə töhfə verməyə çalışır, Münhen və Berlin görüşü bunun nümunəsidir. Şoltsun lideri olduğu partiyanın AŞPA-da təmsil olunan nümayəndəsi isə Azərbaycana qarşı ədalətsiz qərarın müəllifidir. Qəribə vəziyyət yaranıb. Avropanın bu ziddiyyətli siyasəti gülüncdür, lakin ortada Azərbaycana qarşı oyun oynandığı həqiqəti də var. Bu oyun hər şeydən öncə Avropa Birliyinin Cənubi Qafqazdakı maraqlarına, o cümlədən, Avropanın enerji təhlükəsizliyinə ziddir. Görünür, Avropa erməni maraqlarını öz maraqlarına qurban verir və bundan zərər görən tərəf ilk növbədə özləri olacaq”.

Teqlər: