Əli müəllim, bu xalqdan və onun sözündən utanmayın!

Əli müəllim, bu xalqdan və onun sözündən utanmayın!

Hörmətli Əli Əhmədov bu gün parlamentdə çıxışı zamanı olduqca vacib məqama toxunub, haqlı olaraq deyib ki, Avropa ölkələrində dəyərindən daha ucuz məhsula şübhə ilə yanaşırlar. Çünki məhsul heç bir halda dəyərindən ucuz satıla bilməz, əgər satılırsa, demək, keyfiyyətində problem var.

Əli müəllim Avropadan dolanaraq, bu təfəkkür və təsəvvürün Azərbaycanda yüzillərlə formalaşdığına da diqqət çəkib və atalar məsələni xatırladıb. Ancaq bu cür: “Ucuz məhsulun keyfiyyətli yeməyi olmur”.

Əslində məsəl “ucuz ətin şorbası olmaz” kimidir və Əli müəllim, əlbəttə ki, bunu bilməmiş deyil: çünki Basarkeçərdəndir, alimdir, ziyalıdır – bilməsə, bunu heç xatırlatmazdı da! Sadəcə, onun bu məşhur atalar məsəlini “formaca” dəyişmə cəhdi və “daha elit” ifadə tərzinə çalışması gözlənilməzdir.

Atalar məsələnin yaranması, xalqın təfəkkür və həyat tərzində rolu, mükəmməl özünüifadə forması olması barədə uzun-uzadı mühazirəyə gərək yoxdur. Bütün xalqlarda ata sözləri o xalqın milli kimliyi qədər vacibdir – həm xalqın qədimliyini göstərir, həm min illərin sınağından çıxan həyat həqiqətlərini lokal ifadə edir və bundan da vacibi: xalqın təfəkkür, düşüncə, varlığınının elə bir ifadə formasıdır ki, xalqın özü qədər dilin zənginliyini, mükəmməlliyini göstərir və atalar sözlərinin başqa dillərə hərfi tərcüməsinin mümkünsüzlüyünün də səbəbi budur. Xalqın, dilin tarixidir, canıdır – onu səndən kimsə ala, tərcümə edə, özününküləşdirə bilməz!

Əli müəllimin bütün bunları mükəmməlcəsinə bildiyinə heç bir şübhə yoxdur. Bəs, niyə atalar məsəlindəki “arxaizm”lərdən narahat olur, məsəli olduğu kimi deməyi şanına kəsir sayır?

Millət vəkili – həm də xalqın ifadəçisidir, sözçüsüdür, simasıdır və yaxud məhz belə olmalıdır. Məhz millət vəkili xalqın sözünə, özünə, ifadəsinə, məsəlinə sahib çıxmağı və onu ən yüksək kürsülərdən ifadə etməyi özünə şərəf bilməlidir. Xalq deyimlərini, duyumlarını, xalqın özünüifadə tərzini yüksək kürsüdən, elə xalqın öz kürsüsündən dilə gətirərkən, onu redaktə etmək, “şorba” sözünü deməmək üçün “müasir ekvivalentlərdən” istifadə etmək alimlik sayılmaz ki! Bu, öz xalqının dilini, sözünü, ifadəsini deməkdən utanmaqdır. Məsələn, sanki bir çoban oğlu gəlir, yüksək təhsil alır, özünə böyük karyera qurur, xalqının, millətinin taleyində işıqlı bir sima olur, ancaq çoban oğlu olmasından utanır.

Halbuki karyerası göylərə ucalan şəxs çoban oğlu olduğuna görə fəxr etməlidir; çünki çobanlıq – bu xalqın kodlarına yazılan tərəkəməlikdir; çünki zəhmətli sənətdir; çünki rüşvət ala, korrupsiya ilə məşğul ola bilməz çoban… Yəni sən çoban oğlusansa, halal çörəklə böyümüsən və bir siyasətçi, iş adamı, biznesmen, məmur bununla yalnız fəxr edə bilər!

Xalqın dili də, sözü də eləcədir və mütləq bir hadisəni danışmağa məcburuq: 1976-cı ildə Qazaxda Səməd Vurğunun 70 illiyi ilə bağlı böyük tədbir keçiriləndə qərbli-şərqli aşıqlar da iştirak edir. Şirvandan da nəhəng sənətkarlar orda olur.

O zaman səhnəyə qalxan, hələ o vaxtı, Sovetin qılıncının dalı-qabağı kəsən zamanda milliliyinə heç bir şübhə etmədiyimiz, təpədən dırnağa bizim olan məşhur şairlərimizdən biri – adını çəkməyə gərək yoxdur – Şirvan aşıqları haqda xoşagəlməz ifadələr işlədir, onların ansamblla ifasını ələ salır. Məsələn, bu cür: “ovurdunu şişirdib zurna püləmək”, “çubuqları əlinə alıb, dəriyə döşəmək…”

Həmin vaxt gənc aşıqlardan biri elə səhnədəcə onun cavabını verir və o məşhur şairimiz az sonra çıxıb, üzr istəyir, səhv etdiyini bildirir – bu da onun böyüklüyüdür. Ancaq məsələ bu ki, həmin vaxt o məşhur şairimiz kimi yanlış düşünənlər az deyildi və ona görə artıq “ovurdlarını şişirdərək zurna” (əslində isə balaban) ifa edənlər çıraqla axtarılırdı Bakıda. Nəticə nə oldu? O oldu ki, “ovurdlarını şişirdib zurna çalmağı” özünə sığışdıran ermənilər yetişdi və təsəvvür edin ki, erməni balaban ifaçıları ansambllara daxil edildi, onlardan istifadə olundu…

Axırda ona gəlib çıxdı ki, indi ermənilər yuxa-lavaş kimi, dolma kimi, balabana da iddia edir…

Hamısının günahı bizim özümüzün olanı ifadə etməkdən “utanmağımızdır” – guya elitik, qınımızı bəyənmirik və öz böyük mədəniyyətimizi səxavətlə bağışlayırıq köksüz-soysuzlara, bizə qonşu kimi pərçim edilənlərə…

Sabah bir erməni kulinar çıxıb, “şorba qədim erməni yeməyidir” desə, qəti təəccüblənmərəm – bəlkə də artıq bunu da edirlər, xəbərimiz yoxdur.

Bilirsiniz niyə? Çünki Əli müəllim və Əli müəllim kimi ziyalılarımız, düşüncə adamlarımız, gözümüzü dikdiyimiz aydınlarımız “şorba” sözünü yüksək kürsüdən dilə gətirməyi öz “elit leksikonlarına” yaraşdırmırlar…

Teqlər: