Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Ə.Əsədov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir.

2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir Ümumi Daxili Məhsulun 5,6% artdığını, onun həcminin 92,8 mlrd. manat təşkil etdiyini bildirdi. Vurğulandı ki, qeyri-neft sektoru üzrə artım 7,2% olmuş, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artmışdır.

Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirildi. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.

Qeyd olundu ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur.

Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır.

Bildirildi ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.

Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir.

Bildirildi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olmuşdur. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur.

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artmışdır.

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirdi.

Vurğulandı ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artmışdır.

Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görüldüyü vurğulandı.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin daha da gücləndirildiyi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparıldığı diqqətə çatdırıldı.

Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.

Eyni zamanda işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıdığı bildirildi. Diqqətə çatdırıldı ki, dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcəkdir.

Bildirildi ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması olmalıdır.

Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin artırılması, nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməlidir.

Vurğulandı ki, əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğunu nəzərə alaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır.

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmasının vacibliyi vurğulandı. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır.

Xüsusilə vurğulandı ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir.

Diqqətə çatdırıldı ki, çevik və kompleks anti-inflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər.

Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırıldı.

Müşavirədə, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin məruzələri dinlənildi, gündəlikdə duran məsələlərə dair geniş müzakirələr aparıldı.

Teqlər: