Ələt Azad İqtisadi Zonası ölkəmizin regionda strateji əhəmiyyətini daha da artıracaq – Sevil Mikayılova

Ələt Azad İqtisadi Zonasının yaradılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihədir və onun reallaşdırılması milli iqtisadiyyatımızın dinamik inkişafına töhvə verəcək.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, Azərbaycan pandemiyanın dünyada yaratdığı çətinliklərə baxmayaraq heç bir sosial-iqtisadi layihəni dayandırmır, əksinə daha böyük layihələrə imza atır. Bunun növbəti təzahürü də Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulmasıdır:

“Azərbaycanın Vətən Müharibəsindəki tarixi zəfərindən sonra regionda artıq yeni reallıq yaranıb. Ələt Azad İqtisadi Zonası isə Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.

Millət vəkilinin sözlərinə görə, bu layihə ölkəyə xarici investisiyanın cəlb edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:

“Xarici investor, bir ölkəyə sərmayə yatırmaq istəyəndə, ilk növbədə həmin ölkənin iqtisadi inkişaf perspektivlərini, beynəlxalq reytinqlərdə necə təmsil olunduğunu, təhlükəsizliyin hansı səviyyədə olması və s. kimi amilləri nəzərə alır. Bu gün ölkəmizin iqtisadi inkişafı göz qabağındadır. Bütün sahələr üzrə müsbət artım dinamikası müşahidə edilir, beynəlxalq reytinq cədvəllərində ölkəmiz ön sıralarda qərarlaşır. Eyni zamanda ölkəmiz dünyada ən təhlükəsiz ölkələr siyahısındadır. Digər tərəfdən, Ələt İqtisadi Zonası beynəlxalq ticarət qaydaları çərçivəsində fəaliyyət göstərəcək ki, bu da investisiya cəlbi üçün ən vacib faktorlardandır”.

Sevil Mikayılova həmçinin bildirib ki, layihənin icrası yeni iş yerlərinin yaradılması və xüsusən ixtisaslı kadrlarımızın işlə təmin olunmasında da böyük rol oynayacaq:

“Ələt İqtisadi Zonası xüsusən xaricdə təhsil almış gənclərimizə yeni iş imkanı yaradacaq. İnvestisiya yatıran həm yerli, həm də xarici aparıcı şirkətlərin olacağını nəzərə alsaq, əmək haqqıların da yüksək olacağını proqnozlaşdırmaq mümkündür. Həmçinin zonanın paytaxta yaxın olması burada istehsal olunacaq məhsulların həm yerli, həm də xarici bazarlara ixrac imkanlarını da artırır”.

Teqlər: