Elektron qolbaq daşıyan məhkum oğurluğa görə yenidən saxlanılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

İsmayıllıda elektron qolbaq daşıyan məhkum oğurluğa görə yenidən
saxlanılıb.

İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin
yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq
edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus
evlərdən ümumi dəyəri 7000 manatdan artıq olan müxtəlif məişət
əşyaları, elektrik kabelləri, su qızdırıcları və təmir-tikinti
alətlərinin oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə,
polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən rayon
sakinləri-Rəsul Bəbirov və 2020-ci ildə törətdiyi oğurluğa görə
azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək
elektron qolbaqla təchiz olunmuş Samir Əsədli tutulub.

Onlar əməllərini etiraf edib və oğurladıqları əşyaları
dəyərindən ucuz qiymətə rayon ərazisində ayrı-ayrı şəxslərə
satdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat
tədbirləri davam etdirilir.

Teqlər: