Ələkbərov Azərbaycanda ilk dəfə buna yatırım etdi

Ələkbərov Azərbaycanda ilk dəfə buna yatırım etdi

Azərbaycanlı iş adamı, Rusiyanın “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov Azərbaycanda ilk dəfə qeyri-neft və qeyri-maliyyə sektoruna yatırım edib.

AzerTimes Fed.az-a istinadən xəbər verir ki, Rusiyada yaşayan iş adamı İsmayıllıda yerləşən “İsmayıllı-Şərab-2” ASC-nin səhmlərini alıb.

Xatırladaq ki, “İsmayıllı Şərab-2” ASC İsmayıllının Hacı Hətəmli kəndində 300 hektar əraziyə, 250 hektar üzüm bağına və şərab istehsalı müəssisəsinə sahibdir. Bundan başqa, təsərrüfatda otel və turizm üçün imkanlar da var.

“İsmayıllı Şərab-2” zavodu 1982-ci ildə Azərbaycanın İsmayıllı rayonunda yaradılmışdır. 2010-cu ildə şərab zavodu modernləşdirilmiş və istehsal avadanlığı yenilənmişdir.

Müəssisədə italiyalı mütəxəssislər də çalışır. “İsmayıllı Şərab-2” müəssisəsi 2017-ci ildə Azərbaycanın məşhur şərab markası olan “Chabian” brendli şərab məhsullarını təqdim edib və onun istehalçısıdır.

Üzüm bağlarına qulluq və idarəetmə ən son Avropa aqro təsərrüfatı tendensiyalarına uyğundur. Hazırda zavod Avropa istehsal xəttindən istifadə edir, italyan mütəxəssis-enoloqların iştirakı ilə ağ və qırmızı şərablar istehsal edilir.

“İsmayıllı Şərab-2” bir neçə dəfə böyük beynəlxalq şərab sərgilərində iştirak etmiş və bir sıra nüfuzlu mükafat və sertifikatlarla təltif olunmuşdur. Şərab böyük həcmdə xüsusi etiketlərlə Rusiya, Çin və Yaponiyaya ixrac olunur.

Bir qədər əvvəl “Chabian” brendli şərabların Rusiyaya ixracı üçün “Azexport” portalı tərəfindən Sərbəst Satış Sertifikatı da təqdim edilib. Baxmayaraq ki, müəssisə buna qədər də Rusiyaya şərab ixrac edirdi.

Hazırda “İsmayıllı Şərab-2” ASC-nin nizamnamə kapitalı 9 milyon manatdan artıqdır. Şirkətin qanuni təmsilçisi isə Kamran İsayevdir.

Teqlər: