Əlaqələndirmə Qərargahında “MEDEF International” və Fransanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Aprelin 8-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada
həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev
ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı – “MEDEF
International” təşkilatının baş icraçı direktoru Filip Qotye və
aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycanla Fransa arasında
səmərəli əməkdaşlığın formalaşdığı qeyd olunub. Fransanın aparıcı
şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri
iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi
qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı
tikinti-abadlıq və yenidənqurma işlərinin fəal şəkildə davam
etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları
hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb.
Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və
əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını
qoyduğu bildirilib.

Fransanın görüşdə iştirak edən “Airbus”, “Alstom”, “Suez”,
“Thales”, “Egis”, “Oberthur Cash Protection”, “Arverne Group” və
digər qabaqcıl şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycan və
Fransa arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni sahələr
əhatə olunmaqla əməkdaşlığın genişlənməsinə maraq ifadə olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən
bərpa və yenidənqurma layihələrində Fransanın işgüzar dairələrinin
iştirak etmək niyyəti ifadə olunub.

Teqlər: