Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi – Foto

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi – Foto

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası hər keçən gün daha da gücləndirilir, silah arsenalı ən müasir silahlarla yenilənir.

M.Həsənov kursları uğurla başa vuran məzunların onlara etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə, bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları peşəkarlıqla idarə edəcəklərinə inandığını bildirib.

Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov kurs zamanı öyrəndikləri yeni hərbi bilikləri Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrində xidmət edərkən şəxsi heyətin peşəkarlığının artırılmasına sərf edəcəklərinə söz verib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub.

Sonda xatirə şəkli çəkdirilib.

Teqlər: