Ekvadorda fövqəladə vəziyyət: Paytaxta ordu yeridildi

Ekvadorda fövqəladə vəziyyət: Paytaxta ordu yeridildi

Ekvadordakı cinayətkar qruplaşmalar artıq bizim hədəfimiz hesab olunur.

AzerTimes xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələrinin komandanı Hayme Vela Eraso deyib.

“Respublika Prezidenti Daniel Noboa özünün 111 saylı əmri ilə bizə dəqiq missiya tapşırdı. Bu andan etibarən əmrdə qeyd olunan hər bir terrorçu qruplaşma hədəfimizə çevrilib. Ölkəmizin bu günü və gələcəyi təhlükə altındadır və heç bir terror aktı bizi təslim olmağa məcbur etməyəcək. Geri çəkilməyə və terrorçularla danışıqlar aparmağa hazırlaşmırıq”, – Eraso bildirib.

Ekvador mətbuatının məlumatına görə, hazırda paytaxt Kitonun mərkəzinə ağır texnika yeridilib. Bildirilib ki, texnikalar paytaxtın strateji əhəmiyyətli bölgələrinə yerləşdirilib.

Hərbçilərə qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə əməliyyatların aparılması barədə göstərişlər verilib.

“Primicias” qəzeti yazıb ki, Ekvador Prezidenti Daniel Noboa ölkədəki vəziyyət fonunda strateji təhlükəsizlik kabinetinə daxil olan yüksək rütbəli məmurların, habelə onların ailə üzvlərinin təhlükəsizliyini gücləndirməyi əmr edib.

Nəşrin məlumatına görə, Ekvadorun Strateji Təhlükəsizlik Kabinetinə daxili işlər naziri, müdafiə naziri, həmçinin Strateji Kəşfiyyat Mərkəzinin, SNAİ Penitensiar Xidmətinin və “Ecu911” Birləşmiş Təhlükəsizlik Xidmətinin rəhbərliyi daxildir.

Bu arada Çin baş verənlərlə əlaqədar olaraq Ekvadordakı səfirlik və konsulluq fəaliyyətini dayandırıb. ABŞ səfirliyi də bu ölkədə konsulluq fəaliyyətini dayandırdığını elan edib.

Qeyd edək ki, dünən silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı efirdəki aparıcıları girov götürüblər. Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçuların hamısı məhv edilib, girovlar xilas olunub.

Ekvadir mətbuatının məlumatına görə, Quayakil və qonşu Nobol şəhərində baş verən toqquşmalar nəticəsində ikisi polis olmaqla, 10 nəfər ölüb.

Xatırladaq ki, bir neçə gün öncə Ekvadorun ən məşhur “Los Çoneros” cinayətkar qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V həbsdən qaçmışdı. Ekvador Prezidenti Daniel Noboa mafiya liderinin həbsdən qaçması ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırmış, ölkədə 60 günlük fövqəladə vəziyyət elan etmişdi.

Teqlər: