Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib (FOTO)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən
İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun
Beynəlxalq Münasibətlərin Təhlili Məkəzində növbəti iclası
keçirilib.

AzerTimes xəbər verir ki, iclasda
işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri
və Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP)
ekspert qrupunun üzvləri iştirak ediblər.

Ekspert qrupunun ölkəmizə səfərinin məqsədi işğaldan azad
edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək göstərilməsi
üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi, Azərbaycan
Hökumətinin münaqişəyə məruz qalmış ərazilərdə ekosistemlərin
bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək
istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə
bağlı birbaşa mənbələrdən məlumatların toplanmasıdır.

Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya
funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilatı
dəstək göstərilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəz və
aidiyyəti qurumların nümayəndələrindən ibarət ayrı-ayrı
istiqamətlər üzrə fəaliyyətdə olan işçi qruplar, ekoloji vəziyyətin
qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda
aparılan kompleks monitorinqlər haqqında ekspert qrupuna məlumat
verilib.

İclasda işçi qrupun üzvləri tərəfindən işğaldan azad edilmiş
ərazilərdə meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə
olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı
yataqlarının, torpaqların vəziyyətinin işğala qədərki dövrlə
müqayisəli qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş
işlər, o cümlədən deqradasiya olunmuş torpaqlar, hərbi eroziya.
“Ağıllı kənd” layihəsi, “Yaşıl enerji zonası konsepsiyası”, peyk
təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərin monitorinqi
haqqında təqdimatlar edilib, filmlər nümayiş olunub.

Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə dəymiş ziyanının
ilkin qiymətləndirilməsi və əhatə dairəsinin müəyyən etmə
missiyasında iştirak edən ekspert qrupunun Qarabağ və Şərqi
Şəngəzur iqtisadi rayonlarına səfəri təşkil edilmiş, qrup üzvləri
Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa şəhərləri, Zəngilan rayonunun
Ağalı, Vənədli, Sarıqışlaq, Şəfibəyli kəndləri, Füzuli rayonunun
İşıqlı, Dövlətyarlı, Qacar kəndləri, habelə Hadrut və Suqovuşan
qəsəbələrində olmuşlar. Səfər çərçivəsində qiymətləndirmə
missiyasına Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlər
əyani şəkildə göstərilmişdir.

Teqlər: