Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirilib (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun
tikintisi işlərinə baxış keçirib.

Qurumdan AzerTimes-a bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri
Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin
layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin
tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və
keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və
tapşırıqlarını verib.

Saleh Məmmədov layihədə çalışan işçilərin sosial-məişət
şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq
göstərişlər verib.

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi
magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş
Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən I
texniki dərəcəli və 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Yol boyu 7 tunelin tikintisi aparılır. Tunellər şərti olaraq
T1A(3 340m), T1(314.9 m), T2(556.9m), T3(680.3 m), T4(540.6m),
T5(454.8m) və T6(446.3 m) adlandırılır.

Qazma işləri bir-neçə tuneldə artıq tamamlanıb, digərlərində isə
qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət
hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa
tunellərdə havalandırma və izolyasiya sistemləri də
quraşdırılır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə
yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin,
yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun
şəkildə icra olunur.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə
əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata
keçirilir.

4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km
arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol
yatağının eni 29.5 və 21.5 metr təşkil edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra
olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi
inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən
biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin
2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Teqlər: