Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi
haqqında Sərəncam verib.
Sərəncamda qeyd edilir ki, 2022-ci ilin may ayında Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi
və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu
Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal
şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə
malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma
xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış
sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli
məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək
şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi
aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz
poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin
qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında
1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet
totalitarizminin qurbanına çevrilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının istiqlal
mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın
anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın
130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.