Əgər Ərdoğan yenidən prezident seçilsə… – Millət vəkili

Əgər Ərdoğan yenidən prezident seçilsə… – Millət vəkili

Hazırda Türkiyədə yüksək inflyasiya əhalinin sosial vəziyyətinə mənfi təsir göstərsə də, Ərdoğanın hakimiyyəti illərində ölkə çox güclənib. Qərbin forpostu olmuş, qardaş Azərbaycana iki mülki helikopter vermək cəsarətində olmayan Türkiyə Ərdoğanın yürütdüyü hazırkı müstəqil siyasəti ilə dünyada hər kəsin hörmət etdiyi, yüksək texnologiyaya sahib sənaye dövlətinə çevrilməkdədir.

AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində Türkiyədə 2023-cü ilin iyununda keçiriləcək prezident seçkiləri haqda danışarkən deyib.

“Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə qalsa – inanıram ki, belə də olacaq – 5 ildən sonra biz tamam başqa bir Türkiyə görəcəyik. Düşünürəm ki, Türkiyə vətəndaşları məsələrə strateji yanaşacaq və xarizmatik lider olan Ərdoğana yenidən etimad göstərəcəklər. Türkiyənin və region ölkələrinin ona böyük ehtiyacı var. Onu da qeyd edim ki, Türkiyədə kimin iqtidarda olmasından asılı olmayaraq, bizim Türkiyə ilə qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edəcək”, – millət vəkili bildirib.

Qeyd edək ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək seçkilərdə Cümhur İttifaqının prezidentliyə namizədi olacağını elan edib.

Teqlər: