Əgər bu baş tutsa, Paşinyan aradan götürülə bilər

Əgər bu baş tutsa, Paşinyan aradan götürülə bilər

11 aprel döyüşlərindən sonra Ermənistanda real vəziyyət yenidən təhlil edilir. Politoloqlar, siyasi şərhçilər bildirir ki, Azərbaycandan fərqli olaraq Ermənistanda hökumətdə vahid komandanlıq yoxdur. Belə ki, hazırda bu ölkədə Paşinyana tabe olmayan qüvvələrin olduğu deyilir. Xüsusilə də ordu sistemində vəziyyətin daha dözülməz olduğu fikirləri var. Silahlı qüvvələrdə Sərkisyan-Köçəryan tandeminin tör-töküntülərinin hələ də üstünlük təşkil etməsi haqda iddialar dolaşır.

Belə çıxır, Azərbaycan Ermənistanda iki qüvvə ilə üz-üzədir. İlk baxışda sülhəmeyilli Paşinyan və sülhə mane olan Sərkisyan-Köçəryan tör-töküntüsü. İkincilər Paşinyana tabe deyillər. Həqiqətən, Ermənistanda vəziyyət belədirmi? Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdırmı? O bu mövzudakı bəyanatlarında nə qədər səmimidir? Sülh sazişi imzalasa, devrilərmi? Bundanmı ehtiyat edir?

AzerTimes xəbər verir ki, prosesləri Globalinfo.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı Nikol Paşinyan hakimiyyətinin sülh prosesinə münasibətini dəyərləndirib:

“Əslində, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra sərgilədiyi mövqe nə qədər hiyləgər olsa da, bölgədə problemin həll edilməsinə, sülh dövrünün başlanmasına müəyyən qədər yaxın olduğunu göstərirdi. Amma bu, sadəcə Paşinyanın istəyi deyil, daha çox qlobal səviyyədə bir prosesin tərkib hissəsi idi. Geosiyasi proseslərin inkişaf etdiyi istiqamət bu şərtləri formalaşdırmışdı. Azərbaycan proseslərin inkişafını daha doğru oxudu və işğal altındakı torpaqların azad edilməsi üçün beynəlxalq səviyyədə dəstək əldə edə bildi. Paşinyan hakimiyyəti daim sülhə yaxın kimi görünür. Ümumilikdə isə Ermənistan tərəfi prosesdən daha qazanclı çıxmağa çalışır. Bunu Qarabağ məsələsində edə bilmədilər, çünki o, Azərbaycanın daxili məsələsidir.

Hazırda bölgədə separatçılar qalsa belə, Bakının mövcud situasiyada Xankəndiyə daha da yaxınlaşdığını görürük. Bu da onu göstərir ki, Azərbaycan gec ya tez hazırda rus sülhməramlılarının yerləşdiyi bölgəyə nəzarəti bərpa edəcək”.

A.Nərimanlı bildirib ki, Ermənistan danışıqlar masasına istəklərinə nail olmaq üçün Qarabağ məsələsindən kart kimi istifadə edir:

“Onun istəkləri isə müharibədən sonrakı gündəliyə tam ziddir. Sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya məsələlərində öz üzərinə öhdəlik götürür, sonra isə bundan imtina edir. Hazırda baş verən təxribatların əsas səbəbi də Ermənistanın sərhədlə bağlı istəkləridir. İrəvan bunun 1991-ci ildə SSRİ dağıldıqdan sonra müəyyənləşən xətlər üzrə həyata keçirilməsini istəyir. Bu isə o deməkdir ki, həmin dövrdə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən çox sayda ərazimiz var. İrəvan həmin ərazilərin özündə qalması, Azərbaycan isə sərhədboyu yerləşən bu yerləri haqlı olaraq bərpa etməyə çalışır. Hər nə qədər BMT-də qarşılıqlı olaraq ərazi bütövlüyünün toxunulmazlığı məsələsi razılaşdırılmış olsa da, delimitasiya işləri aparılmadığı üçün heç kim ərazinin özününkü olduğunu deyə bilməz”.

O, Qərb və Rusiyanın sülh prosesindəki rolu və Paşinyan hakimiyyətinə təsirindən söz açıb:

“Həmçinin Qazax rayonunun işğalda olan 7 kəndinin qaytarılmasına da problem yaradırlar. Bu da sülh müqaviləsi ilə bağlı prosesi çətinləşdirir. Sərhədlərin 1991-ci il xəritələrinə əsasən müəyyənləşməsi daha çox Qərb tərəfindən dəstəklənir. Digər tərəfdən kommunikasiya, Naxçıvanla quru əlaqələrinin təmin edilməsi məsələsi də həllini gözləyir. Ümumilikdə bütün bunlar Qərbin Rusiyaya qarşı geosiyasi oyunlarıdır. Sadəcə bu məsələdə Ermənistanla gündəliyi üst-üstə düşdüyü üçün daha çox ona meyillənir. Yəni Paşinyan hakimiyyəti nə qədər sülhdən danışsa da, müharibədən sonra üzərinə düşən öhdəliklərdən qaçır. Getdikcə də prosesə mane olacaq cəhdlərə əl atırlar. Qərbin proseslərə aktiv qoşulması isə Ermənistanın əlini gücləndirib”.

Politoloq bildirib ki, Azərbaycan üçün isə ziddiyyətli məqamlar var:

Qərb masasında Qarabağ məsələsini istədiyimiz formada həll edirik. Amma sərhəd və kommunikasiya məsələsində mövqe fərqlidir. Rusiya masasında bu məsələ bizim mövqeyimizə daha yaxın olsa da, Qarabağ məsələsində təhlükəli proseslər var. Hər iki masada bir-biri ilə uzlaşan və toqquşan məsələlər mövcuddur. Ona görə də mövcud hakimiyyətin mövqeyi ilə Paşinyanın sülh ritorikasında bölgəyə sabitliyin gətirilməsini dəstəkləndiyi ifadə edilsə də, vəziyyət bir qədər siyasi oyuna çevrilir. 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra sülh gözləntiləri daha çox idi. Amma 2020-ci ilin dekabrından sonra bu dəyişdi. Hakimiyyəti müəyyən qədər dəyişmiş şərtlərdən öz maraqları üçün istifadə etməyə çalışır ki, bu da sülhə ziddir”.

A.Nərimanlı sülh müqaviləsi imzalanacağı təqdirdə Paşinyanı nələrin gözlədiyinə də aydınlıq gətirib:

“Sülh müqaviləsinin imzalanmasının Nikol Paşinyanın devrilməsinə səbəb olması məsələsi isə müqavilənin hansı masada imzalanacağına baxır. Əgər Qərb masasında olarsa, Rusiya oyundan kənarda qalacaq və Paşinyan hakimiyyətinə qarşı müəyyən gedişlər edə bilər. Amma indiki situasiyada Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi edə bilmə imkanlarının nə qədər qaldığına da diqqət etmək lazımdır. Çünki son dövrlərdə Paşinyan ölkədə Rusiyanın mövqelərini baltalamağı bacardı. Amma müqavilə Rusiya masasında imzalanarsa, o zaman hakimiyyətə qarşı təhlükə nisbətən az olacaq.

Paşinyanın 50 faizdən çox səslə yenidən seçilməsi, müxalifətin Qarabağ tələbi ilə başladığı aksiyaların nəticə verməməsi, ona qarşı etirazlar məsələsini Ermənistan cəmiyyətinin özü üçün həll etdiyini deməyə əsas verir. Yəni daxili faktorlardan istifadə edərək Paşinyan hakimiyyətinin devrilməsi artıq çətinləşib. Sadəcə Qərb masasında sülh müqaviləsi imzalanarsa və Rusiya oyundan kənarda qalarsa, o zaman hakimiyyətin klassik üsulda devrilməsi mümkün görünə bilər. Məsələn, hədəflənən şəxsin fiziki olaraq məhv edilməsi, sui-qəsdin təşkili kimi hallar mümkündür ki, əvvəllər də Ermənistan daxilində bunlar yaşanıb. Amma bu varianta gedəcəkləri o qədər də inandırıcı deyil, hər şey proseslərin gedişatından asılıdır. Hazırkı proseslər və İrəvanın addımları proseslərin eskalasiyaya doğru getdiyini göstərir”.

Teqlər: