ƏƏSMN ilə BƏƏ-nin İnsan Resursları və Əmirlik Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən
VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin insan resursları və
əmirlik naziri Əbdülrəhman Əl-Avarın görüşü olub.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yüksək
səviyyədə olduğu vurğulanıb. Siyasi, iqtisadi və digər sahələrdə,
həmçinin bərpa olunan enerji istehsalı sahəsində uğurlu
əməkdaşlığın həyata keçirildiyi, ticarət dövriyyəsində artımın
davam etdiyi qeyd olunub.

S.Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan ardıcıl addımları diqqətə çatdırıb. Nazir
Azərbaycanda həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq
proqramları, sosial təminat, əmək və məşğulluq sahələrində aparılan
islahatlar, DOST mərkəzləri barədə məlumat verib.

O, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin
rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işləri
qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılacaq Əmək
Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial
müdafiə sahələrində əməkdaşlığa mühüm töhfə verəcəyini diqqətə
çatdırıb.

Ə.Əl-Avar iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq
doğurduğunu, əməkdaşlıq əlaqələrinin əmək, məşğulluq, sosial
müdafiə sahələrini də əhatə etməsində maraqlı olduqlarını bildirib.
O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, islahatları barədə məlumat
verib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏƏ-nin
İnsan Resursları və Əmirlik Nazirliyinin gələcək əməkdaşlığına dair
fikir mübadiləsi aparılıb. Əməkdaşlığın müqavilə-hüquq bazasının
yaradılması imkanları nəzərdən keçirilib.

Teqlər: