Fəaliyyət sahələrinin beynəlxalq standartlara uyğun mütərəqqi idarəetmə sistemi üzərində qurulması öz inkişafını hədəfləyən bir çox qurumlar, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üçün əsas hədəflərdən biridir.
Bu məqsədlə Nazirliyin qurumlarında Beynəlxalq Standartlaşdırma Təşkilatının İSO 37001 (anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi), İSO 9001 (keyfiyyəti idarəetmə sistemi) standartlarının tətbiqi üzrə mərhələli işlər aparılır.
Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Məşğulluq Agentliyində, DOST Agentliyində bu standartlar əsasında idarəetmə sisteminin tətbiqi prosesi davam edir. Bu sahədə ixtisaslaşmış müxtəlif konsaltinq şirkətləri dövlət satınalma qanunvericiliyi əsasında açıq tenderlər vasitəsilə cəlb edilərək bu istiqamətdə məsləhət xidmətləri göstərirlər. Yekunda beynəlxalq akkreditasiyaya malik təşkilat tətbiq işlərinin standarta uyğunluğunu sertifikatla təsdiq edəcək.
Eyni zamanda, əmək bazarının tələblərinə və beynəlxalq standartlara uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünəməşğulluq proqramının genişləndirilməsi və icra mexanizminin təkmilləşdirilməsi üçün Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində işsiz şəxslərin özünüməşğulluğu üçün xüsusi təlim modullarının hazırlanması, proqramın icrası və mentor xidmətlərinin tətbiqi istiqamətində Nazirliyin aidiyyəti strukturları tərəfindən geniş iş aparılır.
Bütün bu proseslərdə Nazirlik peşəkar, səmərəli, müasir iş prinsipləri əsasında fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq həyata keçirir. Müvafiq xidmətlərin satın alınması üçün açıq və şəffaf şəkildə, rəqabət mühitində, qanunverciliyin tələblərinə uyğun tenderlər keçirilir. Aidiyyəti qurumlar tərəfindən həmin tenderlərin nəticələri təsdiq edilərək qeydiyyata alınır, müvafiq portalda ictimaiyyətə açıqlanır. Layihələr bütün meyarlar üzrə ən səmərəli və aşağı qiymət təklifi təqdim edən şirkətlərlə birgə icra edilir.