ƏƏSMN-də brifinq keçirilir – CANLI

Xəbər - Çingiz Səfərli – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezidentin ötən gün imzaladığı sərəncamlar və qanun layihəsi ilə əlaqədar brifinq keçirilir.

AzerTimes xəbər verir ki, ötən gün Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Sosial paket 200 mindən ailə üzvü olan 47 min ailəni əhatə edir. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.

Ölkə başçısının digər sərəncamına əsasən isə Vətən müharibəsinin iştirakçılarına yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək. Həmin şəxslər haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil ediləcək. Nazirlik “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci ilin 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Eyni zamanda Prezident “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri də təsdiqləyib. Yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılır. Artımlar 65 min pensiyaçını əhatə edəcək.

Teqlər: