“E-KÖŞK” layihəsi təqdim olunub

Bu gün Medianın İnkişafı Agentliyində “E-KÖŞK” qəzet və
jurnalların elektron yayım platformasının təqdimatı olub.

Trend xəbər
verir ki, çap mediası subyektlərinin rəhbərlərinin iştirakı ilə
keçirilən tədbirdə bildirilib ki, qlobal informasiya mühitinin
modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş
tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar
və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq
hazırlanan “E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının
abunə və satışının təşkil edildiyi platformadır. Vurğulanıb ki,
plaformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi,
oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və
jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə
bilmək imkanı yaratması nəzərdə tutulur. Qeyd olunub ki, “E-köşk”
portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima
xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış
arxivdən faydalana biləcəklər.

Baş redaktorlar bu platformanın ənənəvi çap mediasının rəqəmsal
mühitə uyğunlaşması, iqtisadi dayanıqlılığının artırılması və
informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi istiqamətində
innovativ addım olduğunu qeyd ediblər. Sonra layihə ətrafında
səsləndirilən təkliflər nəzərə alınmaqla, “E- köşk” layihəsinin
yekun variantının hazırlanaraq ictimaiyyətə təqdim olunması ilə
bağlı qərar qəbul olunub.

Tədbirdə həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən media
subyektləri üçün hazırlanan “Redaksiya siyasəti və peşə etikası
qaydaları” ilə bağlı müzakirələr keçirilib. Bildirilib ki, hazırda
media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr
aparılır və media subyektlərinin özləri tərəfindən onların
təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun
redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydalarının
təsdiq olunması prosesinə başlanıb. Qeyd olunub ki, bu qaydaların
tətbiq olunması, hər bir media subyektində müəlliflik hüquqlarının
qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi
riayət olunması prosesinə təkan verəcək.

Teqlər: