Duqin və Duqinanın Qarabağa münasibəti – Fotofakt

Duqin və Duqinanın Qarabağa münasibəti – Fotofakt

Rusiyanın məşhur fikir adamlarından olan Aleksandr Duqinin özü kimi, ötən gün terakt nəticəsində həlak olan qızı Darya Duqina da Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək verib.

AzerTimes xatırladır ki, hələ 2018-ci ildə Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda Darya Duqina da iştirak etmişdi və Azərbaycana dəstəyini göstərmişdi.

O konfransda Rusiyadan iştirak edənləri bir daha yada salaq: Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeni Baxrevski, ekspert Dmitri Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert-jurnalist Darya Duqina, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov və s.

Onlar daha sonra işğaldan azad edilən Lələtəpədə olmuş, Azərbaycan əsgərləri ilə şəkil çəkdirmişdilər.

A.Duqin hələ o zaman, ermənilərin uzun müddət panika halında müzakirəsinə səbəb olan bu sözləri demişdi:

“Qarabağda bu görüşü keçirmək simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm. Bu, həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının yanaşmasıdır”.

44 günlük savaş zamanı da Azərbaycanı dəstəkləyən A.Duqin 10 noyabr bəyanatını belə şərh etmişdi:

“Azərbaycan öz əraziləri üzərinə nəzarəti bərpa etdi. “Pir qələbəsi” olur, amma Azərbaycanın qələbəsi əsl və birmənalıdır. İlham Əliyev Dağlıq Qarabağ ətrafındakı situasiyanın həlli ilə bağlı siyasi müdriklik göstərdi. Bu konfliktin Azərbaycanın xeyrinə həllində böyük rol oynadı. Əliyev bu müharibənin qəhrəmanıdır, tarixə düşən əsl qəhrəmandır.

İlham Əliyev müharibə və siyasətdə Scilla və Xaribda arasından keçdi. Bu, böyük ustalıqdır. Düşünürəm ki, İlham Əliyev hazırda dünyada bir nömrəli siyasətçidir. Son illərdə heç kim Əliyev kimi belə möhtəşəm şəkildə öz xalqı və ölkəsi üçün milli maraqları reallaşdırmayıb”.

2021-ci ilin avqustunda isə A.Duqin demişdi:

“Ermənilər hər şeyi etməyə macal tapdılar, Qarabağda mümkün olan hər şeyi dağıtdılar, Rusiya ilə münasibətləri korladılar, Paşinyanı seçdilər, rəsmi Bakının bütün təşəbbüslərini blokadaya saldılar… Nəticədə hər şeyi itirdilər!

Bəs indi elə həmin Ermənistan hökuməti sizcə ağıllanıb, hansısa qaydalara riayət edəcək? Hazırda Ermənistanda tam ağlasığmazlıq müşahidə olunur. İndi ermənilərdən tez toparlanacaqlarını, özlərinə gələcəklərini və normal xalq olacaqlarını gözləmək real deyil. Odur ki, Azərbaycan səbirli olmalıdır. Hələlik Ermənistan tərəfindən hansısa adekvat addımlar gözləməyə dəyməz”.

Duqin erməniləri açıq şəkildə “dar düşüncəli kütbeyin xalq” da adlandırmışdı.

Teqlər: