Dünyadakı aclığın səbəbkarı Rusiyadır – Səfirlik

Dünyadakı aclığın səbəbkarı Rusiyadır – Səfirlik

Uzun illərdir ki, dünyada ən böyük aclıq təhlükəsinin yeganə səbəbkarı Rusiyadır.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfirliyi Rusiyanın taxıl sazişindən çıxması qərarı ilə bağlı şərhində deyilib.

“Sentyabrdan bu günə qədər artıq 176 gəmi taxıl dəhlizində toplanıb və onlar öz marşrutu ilə gedə bilmirlər. Belə ki, hələ sentyabr ayında Kreml Ukraynanın ərzaq ixracını əngəlləmək qərarına gəlib, əks halda belə gəmi növbəsi yaranmazdı. Oktyabrın 29-da Krımda baş verən partlayışlar isə Kremlin öz öhdəliklərini yerinə yetirməmək kimi ənənəvi siyasətinə növbəti bayağı bəhanədir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiyanın bu addımının ən ağır nəticələri ilə Afrika və Asiya ölkələri, xüsusən Türkiyə, Əlcəzair, Liviya, Tunis, Misir, Efiopiya, Yəmən və s. üzləşəcək belə ki, Ukrayna ixracının pozulması bu ölkələr üçün minimum ərzaq qiymətlərində ciddi artım, maksimumda isə sosial və siyasi sabitliyin pozulmasına səbəb ola bilər.

Səfirliyin şərhində o da vurğulanıb ki, Rusiyaya tətbiq oluna anti-müharibə sanksiyaları bu ölkənin ərzaq və ya gübrəsinə aid edilmir, ona görə də “onların kənd təsərrüfatı ixracının bloklandığı iddia edilən rus hekayələri tamamilə yalandır. Rusiya Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlamazdan və limanlarımızı blokadaya almazdan əvvəl dünyada belə bir təhlükə belə yox idi – kəskin ərzaq böhranı ilə bağlı geniş miqyaslı sabitliyin pozulması indi Rusiyanın təcavüzü ilə bağlıdır”.

Ukrayna səfirliyi şərhində həmçinin Rusiyanın ən kasıb ölkələrə 500 min ton taxıl tədarükü ilə bağlı təklifinə də münasibət bildirərək bunu tamamilə qeyri-adekvat adlandırıb. “Hazırda dənizdə növbə gözləyən 2 milyon ton ərzaq məhsulunun əhəmiyyətli bir hissəsi ən yoxsul ölkələr üçündür. Taxıl ixracı təşəbbüsü çərçivəsində dəniz məhsulları ixracatımızın üçdə ikisi xüsusi olaraq Afrika və Asiyaya göndərilib. Ukrayna BMT-nin Ərzaq Proqramı çərçivəsində yalnız ən yoxsullara 200 min ton ərzaq göndərib. Bundan əlavə, Ukrayna Efiopiya və Somaliyə humanitar yardım kimi on minlərlə ton taxıl ayırıb.

Rusiya Ukraynanın işğal olunmuş hissəsində taxıl (500 min ton) oğurlamasaydı, biz bu həcmi dünya bazarına və ya BMT-nin Ərzaq Proqramına göndərərdik ki, bu da dünya ərzaq qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verərdi və Afrika və Asiyanın on milyonlarla sakininin qida hüququna təminat verərdi.”

Səfirlik şərhində vurğulayıb ki, Afrika və Asiya ölkələri üçün Rusiyanın təhrik etdiyi ərzaq böhranı sosial və siyasi sabitliyin pozulmasına, yəni, yeni kütləvi– xüsusən də Türkiyə və Avropa İttifaqı ölkələrinə miqrasiya dalğalarına gətirib çıxara bilər.

“Ukrayna həmişə ərzaq təhlükəsizliyinin qarantı olub və bundan sonra da olmağa hazırdır. İndi taxıl sazişinin təminatçısı kimi BMT və Türkiyə, eləcə də Ukrayna taxılının ixracından asılı olan ölkələr Rusiyaya dünyada yüz milyonlarla insanın, xüsusilə Afrika, Asiya və Latın Amerikasında insanların Kremlin aclıq oyunlarının girovu kimi saxlanmasının yolverilməzliyi barədə aydın şəkildə siqnal verməsi çox vacibdir. Dünyaya aclığı qaytarmaq üçün bu səylərinə görə Rusiya cəzalandırılmalıdır”, Ukrayna səfirliyi bəyan edib.

Teqlər: