Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb – FAO (ÖZƏL)

Xəbər - Nərgiz Sadıxova – Trend:

Dünyada qida məhsulları qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb.

Bu barədə AzerTimes-a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildiriblər.

Qeyd olunub ki, ötən il dünya ərzaq qiymətlərinin artımında kəskin artım müşahidə olunub.

2021-ci ilin dekabrında FAO ərzaq qiymətləri indeksi orta hesabla 133,7 bənd təşkil edib ki, bu da 2020-ci ilin dekabrı ilə müqayisədə 25,1 bənd (23,1 faiz) çoxdur.

“Bu, onu göstərir ki, dünyada qida məhsulları qiyməti son on il ərzində ən yüksək səviyyəyə çatıb”, – deyə FAO-dan bildiriblər.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, ötən il bu artıma müəyyən amillər təsir edib.

“İstehsal-satış zəncirinin qırılması, əlverişsiz hava şəraiti, enerji daşıyıcıları qiymətinin artımı və ehtiyatların yüksək dəyəri, eləcə də qida məhsullarına tələbatın durmadan artması ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaran əsas amillərdir”, – FAO-dan deyiblər.

Qeyd olunub ki, 2022-ci ildə də ərzaq qiymətlərinin yüksək qalacağı proqnozlaşdırılır.

“Qida məhsulları qiymətlərinin artması dünyada ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığa səbəb olub. Milli səviyyədə ərzaq təhlükəsizliyi dövlətin öz əhalisini daim və sabit şəkildə qida məhsullarına tələbatını təmin edə bildiyi vəziyyətdir”, – təşkilatdan qeyd ediblər.

Twitter: @nargiz_sadikh

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: