Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi təkcə Azərbaycan və Gürcüstan üçün deyil, dünya dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edən layihəyə çevrilib. Bu gün dəmir yolunun tam gücü ilə işə salınması istiqamətində işlər sürətlə davam edir.
AzerTimes xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.
Onun sözlərinə görə, dünyada BTQ-yə maraq artıb və Asiyadan Avropaya, eləcə də əks istiqamətə yüklərin daşınması üçün ən yaxşı layihə olan BTQ-nin tam gücü ilə işləməsi bütün region dövlətlərinin və Avropanın maraq dairəsindədir.
“Gürcüstan tərəfi layihə üzrə işlərin tam başa çatdırılması üçün tədbirləri davam etdirir. Düşünürük ki, BTQ dəmir yolu tam gücü ilə işə düşdükdən sonra yükdaşınmaların həcmi 30 milyon tona çatacaq. Bu isə çox böyük rəqəmdir”, – deyə Davitaşvili vurğulayıb.
Qeyd edək ki, BTQ ilə yükdaşınmaları və yük aşırımı hər il artır. 2017-ci ildə BTQ dəmir yolu ilə 5674 ton yük daşındığı halda 2021-ci ildə bu rəqəm 483 min 290, 2022-ci ilin ilk 5 ayı ərzində isə 182 min 413 ton təşkil edib.
Ümumiyyətlə, 2017-2021-ci illər ərzində bu yol ilə 920 min 743 ton yük daşınıb.