Dünya Turizm Təşkilatının Baş Assambleyası Rusiyanın üzvlüyünü dayandırıb

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyası
Rusiyanın təşkilata üzvlüyünü dayandırmaq barədə qərar qəbul
edib.

Trend xəbər verir ki, bu barədə İspaniyanın Sənaye, Ticarət və
Turizm Nazirliyinin saytındakı press-relizdə deyilir.

“UNWTO Baş Assambleyası ev sahibi ölkə kimi İspaniyanın sədrliyi
ilə Madriddə keçirilən növbədənkənar iclasında Rusiyanın
təşkilatdakı üzvlüyünü müvəqqəti dayandırmaq qərarına gəlib”, –
deyə press-relizdə bildirilir.

“Rusiyanın UNWTO-da üzvlüyünün müvəqqəti dayandırılması ona öz
hüquq və imtiyazlarından istifadəyə, o cümlədən təşkilatın
iclaslarında iştirakına imkan verməyəcək. Bununla belə,
assambleyanın təsdiq etdiyi qətnamədə Nizamnamənin 34-cü maddəsinə
uyğun olaraq, assambleya “Rusiyanın siyasətində dəyişiklik” gördüyü
zaman bu dayandırmanın aradan qaldırılacağını nəzərdə tutur”, –
deyə kommünikedə deyilir.

Qeyd edilir ki, bu halda, Rusiyanın UNWTO-da üzv statusunun
bərpası proseduru üzvlüyün dayandırılması proseduruna oxşar
olacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası təşkilatdan çıxmaq
niyyətini açıqlayıb. UNWTO bildirib ki, üzvlükdən çıxmaq proseduru
ən azı bir il çəkəcək, üzvlüyün dayandırılması barədə qərar isə
dərhal qüvvəyə minir.