Dünya ölkələri münaqişələrə ikili standartlarla yanaşır – TƏHLİL

Bu gün dünyada mövcud münaqişələrlə bağlı beynəlxalq
ictimaiyyətin münasibətini, çoxlu sayda sanksiylar tətbiq etməsini
gördükdə bir daha ikili standartların şahidi oluruq. Azərbaycan
torpaqları 30 il ərzində erməni işğalı altında qaldığı müddətdə
beynəlxalq ictimaiyyət səssiz qalırdı, nəinki sanksiyalar tətbiq
etmirdi, qəbul edilmiş qətnamələrin belə yerinə yetirilməsi üçün
heç bir addım atmırdı.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Sevinc Hüseynova bildirib ki, hazırda biz digər
münaqişələrlə bağlı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların
tətbiq olunduğunu görəndə bir daha ikili standartların şahidi
oluruq.

“30 il ərzində Avrasiya məkanında ən uzunmüddətli olan
Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan dəfələrlə ikili
standartların şahidi oldu. Azərbaycan ərazisi işğala məruz qaldı,
xalqımıza qarşı etnik təmizləmə, soyqırım, qətliamlar törədildi,
ərazilərimizdə ekoloji böhran yaradıldı, mədəni isrimizdə, o
cümlədən bəşəri mədəni irsə qarşı böyük vandallıq törədildi,
Azərbaycan xalqına məxsus olan milli-mədəni və tarixi abidələr
dağıdıldı, məscidlərimizə qarşı təhqiramiz hərəkətlər
törədildi.

Azərbaycanın milli irsin və mədəniyyətin qorunmasını təbliğ edən
UNESCO-ya çoxlu sayda müraciətləri cavabsız qaldı. Azərbaycan
UNESCO-ya müraciətlər etdi ki, həmin ərazilərə gəlsinlər və bu
vandallıqla bağlı rəylərini bildirsinlər, lakin təşkilat bu
istiqamətdə heç bir addım atmadı. Təkcə UNESCO deyil, digər
beynəlxalq təşkilatlar da eyni mövqe sərgilədilər. Qətnamələr qəbul
edilsə də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı heç bir
addım atılmadı, dünyanın ən ali təşkilatı olan BMT tərəfindən
münaqişə ilə bağlı qəbul edilən qətnamələr kağız üzərində qalmışdı.
Avropa İttifaqı, Avropa Şurası tərəfindən də qətnamələr qədul
edilmişdi, lakin bunların heç biri həyata keçirilmədi.

Lakin Azərbaycan dövləti öz ordusunun gücünə qətnamələrin
icrasını təmin etdi. İllər ərzində dinc əhalimizə qarşı törədilən
Xocalı, Başlıbel, Ağdaban və digər soyqırımların cinayətkarları
hələ də cəzasız qalırlar. Mədəni irsimizə qarşı törədilər
soyqırımlarla bağlı da hələ də bir münasibət sərgilənməyib. 60-dan
çox məscidimiz dağıdılıb, məscidlərimiz təhqir olunub ancaq
beynəlxalq təşkilatlar tərəfindən heç bir münasibət
bildirilməyib.

Lakin guya azad edilmiş ərazilərdə erməni mədəni irsinin
təhlükədə olması ilə bağlı ermənilərin saxta məlumatlarına dərhal
münasibət bildirirlər ancaq 30 il ərzində Azərbaycanın milli-mədəni
irsinə qarşı törədilən barbarlığa qarşı hər hansı bir münasibət
bildirmirdilər, – deyə deputat əlavə edib.

Politoloq Ceyhun Əhmədli də qeyd edib ki, müasir beynəlxalq
münasibətlərin ikili standartlı prinsiplər üzərində qurulması artıq
heç kəsdə şübhə doğurmur. Böyük dövlətlərin oxşar situasiyalara
münasibətdə selektiv yanaşma sərgiləmələri artıq adi hala çevrilib.
Təəssüf ki, dünyada bu cür neqativ hallara ən məruz qalan
ölkələrdən biri Azərbaycandır.

“30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum
qətnamələri kağız üzərində qaldı. Baxmayaraq ki, digər ölkələrlə
bağlı çıxarılan qətnamələr dərhal qüvvəyə minmiş və müvafiq
ölkələrə qarşı ciddi cəza tədbirləri görülmüşdü. Amma təəssüflər
olsun ki, anoloji yanaşmaları Ermənistana münasibətdə görə
bilmədik. Əksinə, işğalçını daha da azğınlaşdıran ritorika
sərgiləndi. Biz beynəlxalq hüquqa söykənərək Ermənistana
sanksiyaların tətbini tələb edirdik, amma beynəlxalq birlik bu ölkə
ilə əməkdaşlığa üstünlük verir, bəzi hallarda hətta onun
silahlanmasına dəstək göstərməkdən çəkinmirdi. Nəticədə, düşmən
daha da azğınlaşaraq, “yeni ərazilər uğrunda yeni müharibə” şüarı
ilə çıxış etməyə başladı. Bəli, dəmir yumruğumuz düşmənin başını
əzdi, amma hadisələrin bax, bu səviyyəyə gəlib çıxmasında
beynəlxalq birliyin də az günahı yoxdur. Xüsusən, Minsk qrupunun
həmsədrləri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına rəvac
verən ritorika sərgikəməklə müharibənin qaçılmaz olmasına baiskar
oldu. Dövlətimizin başçısı da çıxışında haqlı olaraq vurğuladı ki,
onların mövqeyi ilə Ermənistanın mövqeyi üst-üstə düşürdü. Hər iki
tərəf işğalı stimullaşdırmağa çalışırdı. Məsələnin ən paradoksal
məqamı odur ki, başqa heç bir məsələdə kompromis variant tapa
bilməyən həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı eyni
mövqedən çıxış edirdilər. Çünki hər 3 ölkədə dərin kök salmış
erməni lobbisi siyasi qərarvericilər üzərində böyük təsir imkanına
sahib idilər”.

Politoloq xatırladıb ki, Azərbaycan 30 illik işğal dövründə
dəfələrlə UNESCO-nu monitorinq aparmaq üçün işğal altındakı
torpaqlara dəvət etmişdi. Çünki tarixi irsimiz, mədəniyyət və dini
abidələrimiz erməni vandalları tərəfindən yer üzündən
silinmişdi.

“Biz həmin faktların beynəlxalq səviyyədə sənədləşməsini
istəyirdik. Amma dəfələrlə müraciətlər etməyimizə baxmayaraq,
təşkilat bu missiyadan qaçdı. Bəhanə kimi isə onu gətirdilər ki,
guya bunlar siyasi məsələlərə qarışmırlar. Amma 44 günlük
müharibədən sonra UNESCO birdən-birə Qarabağa səfər etmək niyyətini
ortaya qoydu. Səbəb kimi isə guya “erməni mədəni irsinin təhlükə
altında olması” arqumentini gətirdi. UNESCO siyasi bir təsisat
olduğunu bax bu addımı ilə nümayiş etdirdi. Təşkilat ikili
standartlı prinsiplər əsasında işlədiyini bir daha ortaya qoydu.
UNESCO əgər obyektiv bir təşkilat olduğunu sübut etmək istəyirsə,
işğal dövründə 67 məscidimizdən 65-nin erməni vandalları tərəfindən
dağıdılması faktını sənədləşdirsin, yer üzündən silinən mədəni
irsimizlə bağlı hesabat hazırlasın və s. Azərbaycan xalqı yalnız
bundan sonra sözügedən təşkilatın səmimiliyinə inana bilər”, – deyə
C.Əhmədov vurğulayıb.

Teqlər: