Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokundan yalnız
ən müsbət təəssüratlarım qalıb.
Bu barədə AzerTimes-a
dayaqlı tullanma üzrə proqramda gümüş medal qazanan İsrail
idmançısı Andrey Medvedev deyib.
“Yarışın təşkili gözəldir, yaxşı idman zalı və alətlər var. Biz
Bakıda birinci dəfə deyilik, bura öz evimiz kimi hesab edib
gəlirik, bizi həmişə çox isti qarşılayırlar”, – deyə gimnast qeyd
edib.
Andrey Medvedev Kubokda qazandığı medaldan razı qaldığını, lakin
gələcəkdə nəticəni yaxşılaşdırmağa çalışdığını vurğulayıb:
“Yarışda həmişə məqsəd medal qazanmaqdır. Ona görə də buna nail
omaq həmişə sevindiricidir. Amma bugünkü çıxışımı təhlil etsəm,
özümdən bir qədər narazıyam. Düşünürəm ki, bu, gələcəkdə öz
üzərimdə işləmək üçün motivasiya olacaq”, – deyə İsraildən olan
idmançı bildirib.
Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və
Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayıb.
2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.
Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.