Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacağıq – qadın gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda
Azərbaycanın qadınlardan ibarət yığmasının üzvləri maksimum nəticə
göstərməyə çalışacaqlar.

Bu barədə AzerTimes-a
qadın idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş
məşqçisi Olqa Barkalava deyib.

“Samirə Qəhrəmanova və Milana Minakovskayanın Bakıda keçiriləcək
dünya çempionatında çıxış edəcəkləri proqramı bir az
çətinləşdirəcəyik. İdman gimnastikası üzrə Azərbaycan birinciliyi
və Bakı çempionatı idmançıların imkanlarını qiymətləndirməyə imkan
verib. Milana Minakovskaya üçün tirlər üzərində hərətləri, Samirə
Qəhrəmanova üçün isə dayaqlı tullanma üzrə hərəkətləri
çətinləşdirəcəyik. Dünya çempionatına sıx qrafiklə hazırlaşırıq,
gündə iki məşq keçiririk. Maksimum nəticə göstərməyə çalışacağıq”,
– deyə baş məşqçi qeyd edib.

O.Barkalava vurğulayıb ki, hazırda Azərbaycan gimnastlarının
əsas vəzifəsi dünya çempionatına şeçmə mərhələsini keçməkdir:

“Dünya kuboklarının mərhələləri çempionata seçmə mərhələlərdir.
Samirə Qəhrəmanovaya bir mərhələ qalıb ki, orada lisenziya
qazanması üçün ən yüksək nəticə göstərən ilk 12 idmançı arasında
yer alması lazımdır. Milana Minakovskayanın bir az daha çox keçməsi
qalıb. Amma onun seçmə mərhələsini keçməsi üçün hələ də Avropa
çempionatında şansı var”.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdiriblər.

Teqlər: