Xəbər - Cani Babayeva Trend:
Mən Bakıda batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanmağı hədəfləyirəm.
Bunu Trend-ə Azərbaycan gimnastı, tamblinqçi Mixail Malkin deyib.
“Bu gün yarışdan əvvəl çox həyəcanlanırdım, amma cığıra çıxan kimi, proqramı məşqdəki kimi icra etməli olduğumu hiss etdim. Həyəcan dərhal keçdi. Mənim üçün finala çıxmaq çox vacib idi, çempionata hazırlıq yüksək səviyyədə keçmişdi. Yarışdan əvvəl mən iki həftə Stavropola təlim-məşq toplanışına getmişdim. Bunun mənə xeyri oldu” – deyə, gimnast bildirib.
Gimnast vurğulayıb ki, təsnifat mərhələsində rusiyalı idmançıların kombinasiya proqramı çətin olub.
“Bu, onunla əlaqədar idi ki, onların dörd idmançısı vari idi. Amma finalda hər ölkədə iki idmançı çıxış edə bilər. Ona görə də onlar öz aralarında rəqabət aparır. Finala gəldikdə, fikrimcə, burada mübarizə güclü olacaq. Bütün rəqiblər layiqlidir. Məsələn, Vadim Afanasyev 2018-ci ilin, Aleksandr Lisitsın 2019-cu ilin dünya çempionudur” – M.Malkin vurğulayıb.
M.Malkin, həmçinin 2019-cu ildə aldığı ağır zədədən sonra bərpa prosesi barədə danışıb.
“2019-cu il Dünya Kuboku mərhələsində ciddi zədə aldım, daban vətərlərim qırıldı. Sonra altı ay müddətində bərpa dövrü oldu. Pandemiya başlayandan sonra isə yarışlar olmadı və mən rahat bərpa oluna bildim. 2021-ci ilin yanvarında məşqlərə başladım və üç ay sonra Soçidə Avropa çempionatında bürünc medal qazandım” – deyə, gimnast fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Mixail Malkin bu gün tamblinq üzrə yarışların təsnifat mərhələsində üçüncü yeri tutaraq finala vəsiqə qazanıb.
Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
(Tərcümə: Orxan Nəbiyev)