Dünya Bankının Enerji və İnfrastruktur üzrə Missiyası Energetika Nazirliyində olub (FOTO)

Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan Dünya
Bankı Qrupunun İnfrastruktur üzrə Regional Direktoru Çarles Cozef
Kormierin rəhbərlik etdiyi missiyanı qəbul edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Dünya Bankının ölkəmizlə çoxşaxəli əməkdaşlığında mühüm
istiqamətlərdən birinin enerji olduğu və Azərbaycanın həyata
keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə
bankın davamlı dəstək göstərdiyi qeyd edilib.

Görüş zamanı dənizdə külək enerjisinin istehsalına dair Yol
Xəritəsi, ölkəmizdə elektrik enerjisi bazarının inkişafı, enerji
səmərəliliyi, Azərbaycanın uzun müddətli enerji və iqlimlə bağlı
planları, həmçinin yeni əməkdaşlıq imkanlarına dair müzakirələr
aparılıb. Bütün bu istiqamətlərin dekarbonizasiya prosesini əhatə
etdiyi və ölkənin 2050-ci ilədək karbon emissiyalarının 40 faizədək
azaldılmasını hədəflədiyi vurğulanıb. Eyni zamanda həyata keçirilən
və planlaşdırılan bərpa olunan enerji layihələrinin ölkəmizin
qlobal enerji keçidi prosesinə milli səviyyədə töhfəsini təmin
etməklə bərabər tərəfdaşlarımızın enerji təchizatı üçün də yeni
imkanlar yaratdığı bildirilib.

Energetika naziri Pərviz Şahbazov deyib ki, ağıllı və təmkinli
enerji keçidi istiqamətində inamlı addımlarla irəliləyirik: “Bu
xüsusda, dövlət başçısı tərəfindən sosial-iqtisadi inkişafın
başlıca meyarlarından biri kimi müəyyənləşdirilən “yaşıl artım“
ölkəsinə çevrilməklə bağlı tədbirlər mühüm rol oynayır. Cənub Qaz
Dəhlizi layihəsinin nümunəsində olduğu kimi birgə əməkdaşlığımız
əsasında dənizdə külək enerjisi potensialından istifadə etməklə
“yaşıl enerji”ni də müxtəlif formalarda və müxtəlif marşrutlarla
Avropaya ixrac edə bilərik”.
Gələcəkdə “yaşıl” elektrik enerjisinin nəqli üçün Azərbaycan və
Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi
və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən bəhs edilib.
Layihənin reallaşdırılması Dünya Bankı ilə əməkdaşlıq kontekstində
nəzərdən keçirilib.

Söhbət zamanı Dünya Bankı ilə əməkdaşlıq gündəliyində olan
məsələlərin hər biri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dünya Bankının Enerji və İnfrastruktur üzrə
Missiyasının ölkəmizə səfəri çərçivəsində Azərbaycanın dənizdə
külək enerjisinin inkişafı, enerji sektoru üçün potensial
dekarbonizasiya yolları, karbonsuzlaşdırmanın planlaşdırılması və
həyata keçirilməsi, elektrik enerjisi bazarının liberallaşdırılması
və enerji səmərəliliyi mövzularında müzakirələrin keçirilməsi
nəzərdə tutulur.

Teqlər: