Dünya Azərbaycanlılarının V Qurultayında müzakirə ediləcək
mövzular məlum olub.
AzerTimes-ın
məlumatına görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradovun “Azərbaycan” qəzetində dərc olunan
məqaləsində qeyd edilib ki, Qurultayın rəsmi açılış mərasimindən
sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair
hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun
qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən
qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında
müzakirələrin təşkili planlaşdırılır.
Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı
hazırlıq işləri yekunlaşır. Qurultay Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından
azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində
keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor
nümayəndəsinin iştirakı gözlənilir.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər
yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq
ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı
məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın
azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Məqalədə həmçinin bildirilib ki, dünya azərbaycanlılarının
mötəbər tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi
çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə,
unudulmayacaq böyük bayramdır. Ona görə də biz bu qurultayı Zəfər
Qurultayı adlandırırıq.