Bakı Ali Neft Məktəbinin 3 tələbəsi ABŞ-də 100 min dollardan yüksək məbləğdə doktorantura təqaüdü qazanıb (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması
mühəndisliyi ixtisasının V kurs tələbələri Xaqan Kərimov, Sənan
Həsənov və İsa Cəfərov magistratura təhsili almadan birbaşa ABŞ-də
tam təqaüdlə doktorantura pilləsinə qəbul olunublar. BANM
tələbələrinin hər birinin ABŞ universitetlərindən qazandıqları
təqaüdün məbləği 100 min ABŞ dollarından yüksəkdir. Onlar Kompüter
elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil
alacaqlar.

Tələbələr bir neçə universitetə qəbul olsalar da, araşdırma
maraqlarına uyğun olaraq, Xaqan Kərimov Yuta Universitetini
(University of Utah), Sənan Həsənov Mərkəzi Florida Universitetini
(University of Central Florida), İsa Cəfərov Nyu-York Şəhər
Universitetini (City University of New York) seçib.

Qeyd edək ki, hər üç tələbə Bakı Ali Neft Məktəbinə 2017-ci ildə
yüksək balla daxil olub və hazırda onlar təhsil almaqla yanaşı,
müxtəlif şirkətlərdə çalışırlar.

Xaqan Kərimov BANM-in Proseslərin avtomatlaşdırılması
mühəndisliyi ixtisasına 695 balla qəbul olub. O, İrlandiyanın
“Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi (Penetration tester)
vəzifəsində çalışır. BANM-in tələbəsi Yuta Universitetindən 122,320
min ABŞ dolları məbləğində təqaüd qazanıb. O, bu Universitetlə
yanaşı, Pensilvaniya Universitetindən də təklif alıb.

Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin
avtomatlaşdırılması mühəndisliyi ixtisasına 685 balla daxil olub.
“Azerconnect” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi vəzifəsində
çalışır, həmçinin müqavilə əsasında Ukraynanın “Eska Global”
şirkəti ilə əməkdaşlıq edir. Sənan Mərkəzi Florida Universitetindən
başqa, Ohayo Universiteti, Vaşinqton Universiteti, Arlinqtondakı
Texas Universitetindən də təklif alıb. BANM tələbəsinin seçim
etdiyi Mərkəzi Florida Universitetindən qazandığı təqaüdün məbləği
125 min ABŞ dollarıdır.

İsa Cəfərov Bakı Ali Neft Məktəbinə 695 balla daxil olub. O,
hazırda “Bank Respublika”da İnformasiya təhlükəsizliyi mütəxəssisi,
eyni zamanda “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi
vəzifələrində çalışır. İsa Nyu-York Şəhər Universiteti ilə yanaşı,
Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən
Məktəbindən də təklif alıb. BANM tələbəsinin seçim etdiyi Nyu-York
Şəhər Universitetindən qazandığı təqaüdün məbləği 135 min ABŞ
dolları təşkil edir.

Teqlər: