Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan tarixində özünəməxsus bir yer tutacaq – RƏY

Tam əminliklə deyə bilərəm ki, bu gün müstəqil, güclü və ərazi
bütövlüyünü təmin etmiş Azərbaycanın hər bir sahədə uğurla
yürütdüyü siyasəti kimi, diaspor siyasəti və onun tətbiqi
fəaliyyətindəki son illərdə gördüyümüz inkişafı özünün tam yeni
mərhələsinə qədəm qoyur. Yeni mərhələ yeni məsuliyyət və o
məsuliyyətin doğru daşınması nəticəsində yeni böyük uğurlar imkanı
deməkdir.

Bunu AzerTimes-a
Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri Nuran
Abdullayev deyib.

O bildirib ki, hər bir böyük uğurun əsasını doğru qoyulmuş təməl
və düzgün qurulmuş strategiya təşkil edir ki, bunlar da
Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən
edilmişdir.

“Belə ki, ümummilli lider Heydər Əliyevin diaspor siyasətinin
əsasının qurulmasında və eləcə də dünya azərbaycanlılarının
təşkilatlanmasında nümunəvi misilsiz rolu olmuşdur. Bundan başqa,
ulu öndərin hər dəfə xarici səfərlərdə diaspor nümayəndələrinə
xüsusi zaman ayırması, onları dinləməsi, gələcək planlara dair
özünəməxsus şəkildə onlara yol göstərməsi və zamanı gəldikdə
ehtiyac olunan diaspor nümayəndəsini ölkəyə dəvət etməsi bir daha
onu göstərir ki, ümummilli lider Heydər Əliyev üçün Azərbaycan
diasporunun həmişə xüsusi yeri olub və dövlət quruculuğunda ona
həmişə önəm verib.

Əsası əyilməz sütunlarla qurulan diaspor siyasətimiz möhtərəm
cənab Prezident İlham Əliyevin bu sahədəki zaman-zaman atdığı
strateji addımlarla və verdiyi xüsusi tapşırıqlarla daha da ucaldı
və özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Diasporla İş üzrə
Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə
yeni “Strateji Yol Xəritəsi”nin işlənib-hazırlanması və icrası,
eləcə də diaspor fəaliyyətində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi yeni inkişaf
mərhələsinə keçiddə misilsiz rol oynadı”, – deyə o bildirib.

N.Abdullayev vurğulayıb ki, bu gün xaricdə yaşayan
soydaşlarımızın və eləcə də onların rəhbərlik etdiyi
təşkilatların fəaliyyətinin koordinasiyasını uğurlu təşkil etmək,
milli həmrəylik və birlik ideyasının reallaşdırılmasını təmin etmək
məqsədilə son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya
Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması
(Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln,
Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki,
Tbilisi, Marneuli və Qardabani şəhərləri) diaspor siyasətinin
uğurlu icrasının bariz nümunəsidir.

“Son illərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ”
Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə
250-dən artıq azərbaycanlı uşağın ana dilində təhsil alması
Azərbaycan dövlətinin azərbaycanlılara verdiyi yüksək dəyərin bir
nümunəsi kimi qəbul edilməlidir ki, bu cür yanaşma heç də bütün
dövlətlər tərəfindən öz vətəndaşlarına təşkil edilmir, yaxud edilə
bilmir.

Ümumilikdə, ölkə rəhbərliyi tərəfindən bu cür xüsusi yanaşmalar
bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan
diasporunun qarşısına daha da böyük uğurlara aparacaq fərqli və
böyük məsuliyyətlər qoyur. Əminliklə deyə bilərəm ki, fərqli
ölkələrdəki diaspor nümayəndələri və Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi ilə son illərdə olan yüksək
səviyyəli koordinasiyalı işin təşkili bu böyük uğurlara gedən yolu
bizlərə daha da yaxın edəcəkdir”, – deyə o bildirib.

N.Abdullayev əlavə edib ki, Azərbaycanın tarixində Dünya
Azərbaycanlılarının V Qurultayı özünəməxsus bir yer tutacaqdır.

“Bu qurultayın həm mənəvi, həm də tarixi bir dəyəri var. Bu
dəyərləri bir-birilə birləşdirən isə bizim Vətən Müharibəmizdəki
misilsiz zəfərimizdir. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının V
Qurultayı deyəndə gözümün önünə Vətən Müharibəmizin şərəfli
fraqmentləri gəlir: Murovun geri alınması, Suqovuşanın azad
edilməsi, Cəbrayıl, Zəngilan və digər torpaqlarımız, ən sonda da
Şuşamız! Eyni zamanda, gözümün önündə o günlərdə Müzəffər Ali Baş
Komandan İlham Əliyevin siyasətinə güvənib özünü Vətən uğrunda fəda
edən qəhrəman Vətən övladları canlanır. O övladlar ki, onlara biz
bir Vətən borclandıq.

Bütün bu şanlı tarixi fraqmentləri, dədə-baba torpaqlarımızı,
eləcə də bu misilsiz qələbə nəticəsində bir daha özümüzə
qaytardığımız milli kimliyimizi düşünəndə əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev
tərəfindən ləyaqətlə davam etdirilən güclü bir siyasətin olduğunun
bir daha şahidi oluram. O güclü siyasəti yürüdən dövlət başçısı ki,
hər dəfə Cıdır düzündən olan çıxışlarında dünya azərbaycanlılarına
müqəddəs torpaqların istiliyini ötürürdü. İndi Dünya
Azərbaycanlılarının V Qurultayında bizlər də – milli kimlik
qazanmış dünya azərbaycanlıları o istiliyi ən yaxın məsafədən hiss
edəcəyik, həm də tarixi Şuşada – hər bir azərbaycanlı üçün müqəddəs
olan Ana Vətənin ata vəsiyyətinin icrası ilə bütövləşdiyi tarixi
bir məkanda!”, – deyə N.Abdullayev əlavə edib.

Teqlər: