DTX rəisi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi arasında görüş keçirilib (FOTO)

Mayın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə
rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik
Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.

AzerTimes-ın DTX-nin saytına
istinadən məlumatına görə, qonağı səmimi salamlayan Əli Nağıyev
dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə
arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən
ilin iyun ayının 15-də imzalanmış Şuşa bəyannaməsinə uyğun olaraq,
təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən
bəhs edib. Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın
qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan
Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı
şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da
möhkəmlənəcəyinə əminliyini bildirib.

Yüksək qonaqpərvərliyə və isti qəbula görə minnətdarlığını
çatdıran türkiyəli qonaq təhlükəsizlik məsələləri üzrə
dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etmiş,
bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə
toxunub.

Görüşdə həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət
kəsb edən digər məsələlərdə də müzakirə olunub

Teqlər: