4 aprel 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ölkəmizdə səfərdə
olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş
direktoru xanım Katrin Bombergeri və qurumun Siyasət və Əməkdaşlıq
üzrə direktoru Andreas Kleyzeri qəbul edib.
AzerTimes-ın DTX-nin saytına
istinadən məlumatına görə, Dövlət Komissiyasının sədri Əli Nağıyev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına əsasən, Birinci və İkinci Qarabağ müharibələri zamanı
itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum məzar
yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlərin görüldüyünü qonaqların diqqətinə
çatdırmışdır. Komissiya sədri dünyanın bir sıra müharibə
bölgələrində və təbii fəlakətlər zamanı itkin düşmüş şəxslərin
axtarışı, məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının
eyniləşdirilməsi sahəsində böyük iş təcrübəsinə, kadr potensialına
və texniki imkanlara malik olan İtkin düşmüş şəxslər üzrə
Beynəlxalq Komissiyanın bizim müvafiq Dövlət Komissiyası ilə
əməkdaşlıq etmək barədə qərarını yüksək qiymətləndirdiyini, 30 ilə
yaxın müddət ərzində itkin düşmüş qohumları barədə hər hansı
məlumat ala bilməyən ailələrin intizarına son qoyacağına ümidini
ifadə edib.
Azərbaycan Respublikasına səfərdən və yüksək səviyyəli qəbuldan
məmnunluğunu bildirən xanım Katrin Bomberger rəhbərlik etdiyi
təşkilatın 1996-cı ildə yaradıldığı və 2014-cü ildə beynəlxalq
təşkilat hüququ aldığı barədə məlumat vermiş, qurumun bölgədə baş
vermiş silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərin sonrakı
taleyinin müəyyən edilməsi istiqamətində tərəflərlə əməkdaşlığa
hazır olduğunu, yaxınlarını itirmiş ailələrin əzablarına son
qoyulması üçün çalışacaqlarını bildirib.
Sonra cənab Əli Nağıyev və Beynəlxalq Komissiyanın baş direktoru
Katrin Bomberger itkin düşmüş şəxslərə aid məzar yerlərinin
ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində
əməkdaşlığa dair Protokol imzalayiblar.
İmzalanma mərasimindən sonra İtkin düşmüş şəxslər üzrə
Beynəlxalq Komissiya rəhbərliyinin bir qrup itkin ailəsi ilə görüşü
keçirilmiş, ailələri maraqlandıran suallar cavablandırılıb.